Məhkəmə qərarları › İş №e-2(004)-3483/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3483/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3483/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1833 manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 148x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsi müddətinin bitməsi ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMC-nin – OBA Şağan 2 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 4931 manat 08 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1833 manat 0 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3053/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, həmin tarixdə şirkətlə bağlı müxtəlif rayonlarda bir neçə məhkəmə prosesi olduğundan üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcəklərini, aidiyyatı iş üzrə əlavə sənəd və digər sübutlarının olmadığını, iddianı müdafiə etdiklərini və iddia ərizəsinin tam qəbul edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi Cavabdeh əsas iş yeri olmaqla İddiaçı MMC-də satış departamenti-satıcı şöbəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 aylıq müddətə bağlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixindən işə başlamışdır. Bu müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərərin könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əlavəyə əsasən, xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2022-ci il tarixindən Cəmiyyətin Satış 1 şöbəsində Administrator vəzifəsinə keçirilməsi ilə bağlı dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X3 haqqında Müqaviləyə əsasən, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunur. Bu müqavilənin 3.5-ci bəndinə əsasən, işçinin X3 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyatı üzrə məhkəməyə verə bilər. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli, 1728 nömrəli “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmrə əsasən İddiaçı MMC tərəfindən Cəmiyyətin ünvan 1 ünvanında yerləşən “Oba-Shagan 2” mağazasında administrator işləyən, maddi məsul şəxs, X1 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların, xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin yoxlanmasını aparmaq əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən, 4931.08 AZN əksikgəlmələrin yarandığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü tarixli imtina aktına əsasən, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-4931.08 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 148x saylı əmrdən çıxarışa əsasən, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4931.08 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 1833 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 28 dekabr 2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 1833 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İR 6803 nömrəli xəbərdarlıq məktubuna əsasən, iddiaçı cavabdehə İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətinin yoxlandığını və 1833 manat əskikgəlmə aşkar edildiyini bildirmiş, bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, idddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində Administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin – OBA Şağan 2 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 4931 manat 08 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1833 manat 0 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tam etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, maddi zərər hissəsində iddia tam təmin edilməlidir. Məhkəmə iddiaçının 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutulması tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən və cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, cavabdehin iddianı tam etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1833 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1833 (bir min səkkiz yüz otuz üç) manat və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar