Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3491/2022 18.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 21 faizlə 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 11474.2 manat məbləğində əsas borcun, 154.07 manat məbləğində faiz borcunun, cəmi 11628.27 manat borcun və 125 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etməmişdir. Bu səbəbdən də onlar məhkəməyə müraciət etmişlər. Məhkəməyə müraciət edildikdən sonra cavabdeh müəyyən ödəniş etmişdir. Cavabdeh qrafik üzrə ödəniş etməmiş, sonuncu dəfə isə 160 manat məbləğində ödəniş etmiş və həmin məbləğdə faiz borcundan silinmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun səhhətində yaranmış problemlərə görə ödənişlərində axsamalar yaranmış və o qrafik üzrə ödənişlərini həyata keçirə bilməmişdir. O, mütəmadi olaraq ödənişlər etsə də, qrafikdə nəzərdə tutulmuş məbləğlərdən aşağı ödənişlər edirdi. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iş məhkəmədə olan zaman 160 manat ödəniş etmişdir. Ümumiyyətlə borcunun olmasını danmır, lakin tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən borcun ödənilməsini hissə-hissə icra olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli CCC/25236/77/28 nömrəli Kredit Sazişinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 21 faizlə 15000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddia tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin kredit Sazişi üzrə İddiaçı ASC-yə 11474.2 manat məbləğində əsas və 194.11 manat faiz borcu vardır. Cavabdeh tərəfindən müqavilə üzrə xx.xx.2022-ci il tarixində 160 manat məbləğində ödəniş etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 11474.2 manat məbləğində pulun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit borcu üzrə xx.xx.2022-ci il tarixində 160 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 11314.20 manat (11474.2-160=11314.20 manat) məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/25236/28 nömrəli Kredit Sazişinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/25236/28 nömrəli Kredit Sazişi ləğv edilməli, Cavabdeh 11314 (on bir min üç yüz on dörd) manat 20 (iyirmi) qəpik əsas borc, 154 (bir yüz əlli dörd) manat 07 (yeddi) qəpik faiz borcu, cəmi 11468 (on bir min dörd yüz altmış səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CC/25236/28 nömrəli Kredit Sazişi ləğv edilsin. Cavabdeh 11314 (on bir min üç yüz on dörd) manat 20 (iyirmi) qəpik əsas borc, 154 (bir yüz əlli dörd) manat 07 (yeddi) qəpik faiz borcu, cəmi 11468 (on bir min dörd yüz altmış səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASCyə ödənilsin. İş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3491/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3491/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver