Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3492/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7627 manat 77 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 47 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 51-x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Neftcala 10 mağazasında çalışdığı zaman, xx.xx.2024-cü iltarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 8393 manat 89 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7627 manat 77 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC AZEMİS elektron kabinet vasitəsilə 08 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyi bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC-nin Cavabdeh ünvanladığı DN4042 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlığına əsasən o, 3 gün müddətində 7627,77 manat borcu ödənilməyi, əks halda barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi xəbərdarlıq edilmişdir. - Əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı MMC ilə əmək münasibətlərinə daxil olmuş və satış şöbəsinin satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilərək, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. - xx.xx.2017-ci il tarixli X3 haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh ilə X3 və kommersiya sirrinin yayılmaması barədə müqavilə bağlamışdır. - xx.xx.2024-cü il tarixli 945 nömrəli növbədənkənar inventarizasiyanın aparılması haqqında əmrə əsasən “Oba-Köhnə Günəşli9” (369) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X1 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların, xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətində olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupunun yaradılması əmr edilmişdir. - xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsinə əsasən Cavabdeh inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heçnə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəsində olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 800 saylı təbii itki normalarının tətbiqi haqqında əmrinə əsasən İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “təbii itki normaları” çıxdıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması, “təbii itki norması” satış dövriyyəsinin 0,15 % faizinin müəyyən edilməsi əmr edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 349-K saylı işə qəbul etmə haqqında əmrdən çıxarışa əsasən Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsinə xx.xx.2017-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 564-K saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışa əsasən Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2017-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC üzrə xx.xx.2024-cü il tarixli 51-x saylı işdən azad etmə haqqında əmrdən çıxarışa əsasən Cavabdeh ərizəsi əsasında cəmiyyətin satış departamentinin satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmişdir. - İddiaçı MMC-nin 16 sentyabr 2024-cü il tarixli arayışına əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2024-cü il tarixində 8393,89 (səkkiz min üç yüz doxsan üç manat səksən doqquz qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskigəlmələrə görə ümumi olaraq 7627,77 (yeddi min altı yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat borc qalmışdır. Beləliklə, Cavabdeh 16 sentyabr 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 7627,77 (yeddi min altı yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etiraflarını qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi Cavabdeh mağazanın administratoru olaraq müqavilə əsasında X3li şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsanlara yol verərək işəgötürən İddiaçı MMC-yə 7627,77 (yeddi min altı yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat maddi zərər vurmuşdur. Əmək Məcəlləsinin 201-ci maddəsində nəzərdə tutulmuş, işçi Cavabdeh maddi məsuliyyətinin istisna edən hallar aşkar olunmamışdır. Sözügedən zərər məbləği iş materiallarına əsasən öz təsdiqini tapmışdır. 7627,77 (yeddi min altı yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat zərər məbləğinin ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh təklif edilsə də, hər hansı nəticə əldə olunmamışdır. Hal-hazırda cavabdeh iddia tələbini etiraf edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7627,77 (yeddi min altı yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 107 (yüz yeddi) manat məhkəmə məsrəfi, ondan 60 (altmış) manat məbləğində mediasiya xərci və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7627,77 (yeddi min altı yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 60 (altmış) manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 47 (qırx yeddi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3492/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3492/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver