Məhkəmə qərarları › İş №e-2(004)-3509/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3509/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3509/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə Yasamal Rayon Məhkəməsinin inzibai binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10.633 (on min altı yüz otuz üç) manat pul vəsaitinin və ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10.633 (on min altı yüz otuz üç) manat pul vəsaitinin və ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh3 iş üzrə əlavə cavabdeh kimi cəlb edilmiş və ona iddia tələbi, eyni zamanda məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilməklə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirir ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən cavabdeh şirkətə məxsus nəqliyyat vasitələrinin yuyulması xidməti göstərmişdir. Həmin müqaviləyə görə xidmət ünvan 1 ünvanında göstərilmişdir. Müqaviləyə əsasən mübahisə predmeti olan iddiaçıya məxsus “Hyundai Accent” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə təmizlənməsi üçün sürücü tərəfindən xx.xx.2022-ci il tarixdə avtoyuma məntəqəsinə təhvil verilmiş, bundan sonra yuma məntəqəsinin işçisi Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmiş və baş vermiş hadisə nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə hazırlıq iclası zamanı məntəqə sahibinin Cavabdeh3 olması müəyyən edildiyindən o, əlavə cavabdeh qismində cəlb edilmişdir. Göstərdiyi xüsusatlar isə Dəmir yol nəqliyyatında polis idarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda öz təsdiqini tapmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən obyekti icarəyə götürməklə “Washtec” adlı avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus siyahıya daxil edilmiş nəqliyyat vasitələrini yuyulması ilə Cavabdeh3 sahiblik etdiyi avtoyuma məntəqəsi məşğul olmuşdur. Bundan başqa qeyd edir ki, həmin avtoyuma məntəqəsində avtomobillər xüsusi aparatlar vasitəsi ilə yuyulduğundan demək olar ki insan amili faktoru olmur. İş üzrə cavabdeh qismində cəlb edilmiş və hadisəni törətmiş Cavabdeh2 isə həmin avtoyuma məntəqəsinin işçisi olmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, onun rəhbərlik etdiyi şirkət qeyd olunan avtoyuma məntəqəsini təmizlənmə zamanı istifadə olunan xüsusi texniki avadanlıqlarla təchiz etmişdir. Onun məntəqənin fəaliyyətinə heç bir aidiyyəti yoxdur, yalnız müəyyən vaxtlarda texniki avadanlıqların istifadə olunması qaydasına nəzarət edir. Ona görə də iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan müəyyən edilmişdir ki, Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış, fəaliyyəti istiqaməti isə avtomobillərin yuyulması, cilalanması, rənglənməsi, o cümlədən boyaların püskürdülməsi üzrə xidmətlərinin göstərilməsindən ibarətdir. Həmçinin Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eləcə də “İnternet Vergi İdarəsi” portal çıxarışından isə görünür ki, "xxxx" MMCnin rəhbəri Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AZRC/2018/29 saylı “Xidmət Müqavilə”sindən görünür ki, sifarişçi - İddiaçı MMC ilə İcraçı-Cavabdeh3 müqavilədə qeyd edilən nəqliyyat vasitələrinin yuyulması xidmətinin ünvan 2 ünvanında göstərilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilədən həmçinin müəyyən edilir ki, Cavabdeh3 fərdi sahibkar olaraq müqaviləni imzalamaqla vergi ödəyicisi kimi rekvizitləri qeyd edilmişdir. İş materiallarında olan Dəmir yol nəqliyyatında polis idarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Cavabdeh2 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Washtec” avtoyuma məntəqəsində xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə həmin məntəqənin vəzifəli əməkdaşı barəsində AR İXMnin 192.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti DYNPİ-nin İTŞ-yə göndərilmişdir. Məhkəmə işin faktiki hallarını və tərəflərin izahatlarını nəzərə alıb, məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi məqsədi ilə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı məhkəmə iclasında iştirak edən proses iştirakçılarının fikrini öyrənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirir ki, mübahisə deliktlə bağlı olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 aidiyyət məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, Cavabdeh3 avtomobillərin yuyulması, cilalanması, rənglənməsi, o cümlədən boyaların püskürdülməsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC də hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmçinin tərəflər arasında xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, bununla da iddiaçının iddia tələbi bilavasitə cavabdehdən həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı ona delikt nəticəsində vurulmuş zərərlə bağlı tələb olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi tərəflərin hər biri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırkı iddia tələbi isə avtoyuma məntəqəsinə müvafiq xidmətlərin göstərilməsi üçün təhvil verildikdən sonra xx.xx.2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Accent” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlıdır. İş materiallarında olan Azərbaycan Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarında qeyd edilir ki, aparılmış istintaq zamanı müəyyəm edilmişdir ki, Cavabdeh2 “Washtec” adlı avtoyuma məntəqəsində avtoyuyucu işlədiyi vaxt xx.xx.2022-ci il tarixdə yuyulması üçün həmin məntəqəyə gətirilərək ona təhvil verilmiş İddiaçı MMC-yə məxsus “Hyundai Accent” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşını yuduqdan sonra həmin gün saat 20:00 radələrində avtomaşının detalları arasında qalan suyun axması məqsədi ilə avtomaşını heç bir hüququ olmadan idarə edərək avtoyuma məntəqəsindən çıxmış, bundan sonra idarəetməni itirərək, yolun kənarında parklanmış vəziyyətdə olan “Dodge durango” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurmuşdur. Nəticədə “Hyundai Accent” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşına 10.633 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, avtomibillərin yuyulması və digər işləri aparan cavabdehə məxsus avtoyuma məntəqəsi ilə (fərdi sahibkar) informasiya və kommunikasiya texnologiyaları fəaliyyəti ilə məşğul olan iddiaçı (hüquqi şəxs) arasında mübahisə məhz onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranmışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 №-li qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Qeyd olunan Plenum Qərarının 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarını də nəzərə alaraq qeyd edir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında kommersiya hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan hazırkı tələbə Bakı Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair 2(004)-3509/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar