Məhkəmə qərarları › İş №e-2(004)-355/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-355/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-355/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimovə Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15808.87 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15808.87 ABŞ dolları məbləğində borcun və 170.63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dan illik 26 faizle 36 ay müddətinə 25000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 28 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədak gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizle hesablanmış 15808.87 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15808.87 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən kreditə görə faizlər və cərimələr cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka və ödənilməli olan zərər kimi göstərilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh Yelobank ASCnin xeyrinə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10237,17 ABŞ dolları məbləğində pulun və 170,63 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia müddətini və tələb etmə müddətini ötürməklə ona qarşı iddia qaldırmışdır. İdddiaçı iddia tələbini xx.xx.2022-ci il tarixdə, yəni on illik müddət keçəndən sonra irəli sürməklə həm müqavilə tələbi üzrə iddia müddətini, həm də ümumi tələbetmə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq və AR Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş matariallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-263/11 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı Nikoyl İKB-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsinə xitam verilməsi Cavabdeh kredit üzrə 23474,84 ABŞ dolları əsas, 5305,43 ABŞ dolları faiz və gecikdirməyə görə hesablanmış 160.46 ABŞ dolları dəbbə pulu borcu, cəmi 28940,73 ABŞ dolları və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Nikoyl İKB-nin xeyrinə tutulması, iddia tələbinin 2002-ci il buraxılışlı qara rəngli 90DC914 dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 320 markalı avtomobil yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğ kredit ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh Nikoyl İKB-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsinə xx.xx.2010-cu il tarixdən xitam verilməsi və faiz borcunun xx.xx.2010-cu il tarixdən hesablanması barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, həmin məktubda Cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirdiyi və kredit borcunu tam ödədiyi qeyd olunmuşdur və bu səbəbdən də avtomobil üzərinə qoyulmuş həbsin götürlməsi xahiş edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-263/11 saylı, xx.xx.2011-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan 90DC914 dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML 320” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-658/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasovun icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 8(103)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-658/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Yelobank ASC (Nikoyl İKB) Cavabdeh qarşı xx.xx.2009-cu il tarixli müqaviləyə xitam verilməsi və borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-263/11 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə borc məbləğinin tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Həmin iddia tələbi irəli sürülərkən əsas, faiz və dəbbə borcu hesablanmış və cəmi borc məbləğinin tutulması qət edilmişdir. Hazırda iddiaçı borclunun (cavabdehin) icranı -yəni qətnamə ilə müəyyən edilmiş pul vəsaitini ödənilməsini gecikdirdiyi üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış borc faizinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla yuxarıda adı çəkilən qərarda kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən də göründüyü kimi, Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə cavabdehdən pul məbləğinin tutulması qət edilmişdir. Belə olan halda müqavilə üzrə hər hansı gecikdirilmiş illik 5 faiz ödənilməsinin tələb edilməsi yolverilməzdir. İkincisi iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edərək illik 5 faiz tutulmasını tələb edir. İş hallarından da müəyyən edilmişdir ki, borclu Cavabdeh borc məbləğinin tutulması barədə qətnamə 2011ci il tarixdə qəbul edilmişdir, Konstitusiya Məhkəməsinin qərarı isə 2014-cü ildə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qəbul edilmiş qətnamənin icrası gecikdirildiyi üçün hesablanmış pul məbləğinin indeksasiyası barədə ərizə illə məhkəməyə müraciət edə bilərdi ki, bu daha məqsədə müvafiq hesab olunardı. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 170,63 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Yelobank Asc-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 170,63 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vəsitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar