Məhkəmə qərarları › İş №e-2(004)-3557/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3557/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3557/2024 17.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 2526,26 manat əsas borc, 40,47 manat faiz borcu, 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 01LK083723 nömrəli Kredit xətti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3 saylı əlavəyə əsasən cavabdehə 12 ay müddətinə illik 32 % ödəmək şərtilə 3652 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə müqavilə üzrə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin "xxxx" BOKT MMC-yə 2526,26 manat əsas borc 40,47 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01LK083723 nömrəli kredit xətti müqaviləsinə əsasən, kredit verən, kredit alana maksimum 48 ay müddətinə, illik maksimum 36 faiz dərəcəsi ilə, 70000 məbləğinədək kredit verməyi, kredit alan isə aldığı kredit məbləğini və hesablanmış faiz borcunu müqavilənin və sazişin şərtlərinə uyğun olaraq kredit alana geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinə Əlavə №3-ə əsasən, kredit verən “X1 Olmayan Kredit Təşkilatı” MMC, kredit alan Cavabdeh 12 ay müddətinə, illik 32% ödəmək şərtilə 3652 manat məbləğində krediti mülkiyyətinə verir. Kredit alan isə kredit məbləğini və hesablanmış faiz borcunu müqavilənin və sazişin şərtlərinə uyğun olaraq kredit verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə (pretenziya) əsasən, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixindən etibarən 2526,26 manat əsas, 40,47 manat faiz borcunun yarandığını, bütün borc məbləğini tam olaraq 5 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" BOKT MMC-yə 13 may 2024-cü il tarixə 2526,26 manat əsas, 40,47 manat faiz borcu olmaqla, cəmi 2566,73 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01LK083723 nömrəli kredit xətti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3 saylı əlavədən irəli gəlir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2526,26 manat əsas, 40,47 manat faiz borcu olmaqla, cəmi 2566,73 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 46 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2526,26 manat (iki min beş yüz iyirmi altı manat iyirmi altı qəpik) əsas, 40,47 manat (qırx manat qırx yeddi qəpik) faiz borcu olmaqla, cəmi 2566,73 manat (iki min beş yüz altmış altı manat yetmiş üç qəpik) və dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 46,4 manat (qırx altı manat qırx qəpik) məbləğində pul tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar