Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3565/2022 05.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədli Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Cəmaləddin qızına qarşı “maddi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cav iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəmaləddin qızından kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 608,52 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, cəmi 788,92 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan yaxud müqavilə münasibətlərinə son qoyduqdan sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. 24 №-li MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 116 №-li arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi Yasamal rayonu, A.Abbasov küçəsi 18A saylı evin, 43 nömrəli mənzilinin sahibidir. xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında X4 (mənzil sahibinin əri) ilə İddiaçı MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 4,50 manat borcla şəbəkədən ayrılmışdır. xx.xx.2020-ci il tarixli, 8233 N saylı akt tərtib edilənədək sonuncu dəfə sözügedən ünvana xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. xx.xx.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8233 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Qoşulma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddia tələbinin cavabdehə yönəldilməsinə səbəb cavabdehin qanunsuz qoşulmanın icra edildiyi mənzilin sahibi olmasıdır. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2020ci il tarixə qədər olan müddət 1844 gün, təşkil edir. Bu da hər gün üçün 33 qəpik olmaqla 608.52 manat təşkil edir. İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2019-cu il tarixlimüqavilə əsasında 150 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, məktub Abbasova Lətifə adlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh Cəmaləddin qızı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, sözügedən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2014-cü il tarixdən etibarən bu mənzildən köçərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 8, 31 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi sözügedən ünvan 2 ünvanda yaşayış olmayıb. xx.xx.2020-ci il tarixdə həmin mənzili xx.xx.2022-ci il tarixli, 01 saylı müqavilə əsasında X2 ailəsi ilə birlikdə yaşaması üçün kirayəyə vermişdir. xx.xx.2020-ci il tarixdə həmin mənzili kirayəçilərə təhvil-təslim edərkən mənzildə olan bir ədəd televizorun işlək vəziyyətdə, daha doğrusu, texniki cəhətdən saz vəziyyətdə olduğu, lakin heç bir kanalı göstərmədiyi aşkar olunmuşdur. Heç bir kanalı göstərməməsinə səbəb isə əvvəllər pulunu ödəyərək uzun müddət, daha dəqiq, mənzildən köçənə qədər istifadə etdiyi KATV1 adlı kabel televiziyasının onun zəngi ilə etdiyi xahişi əsasında xidməti xx.xx.2014-cü ildən dayandırmaları idi. Bu halı kirayəçilərə başa salmış və bildirmişdir ki, istəsələr KATV1-ə pul ödəyərək və yaxud binanın damında olan ona məxsus adi, sadə televizor antenasına qoşulmaqla televizoru işlədə bilərlər. Qeyd olunanları kirayəçi və onun ailə üzvləri notarial qaydada təsdiq olunmuş ərizələri ilə bildirmişlər. Təqaüddə olan ali təhsilli ingilis dili müəlliməsidir, həyat yoldaşı isə təqaüddə olan polis zabitidir. Hər ikisi yetəcək qədər pensiya alır. Ayda KATV1 televiziyasından 10 manat “oğurlamaları” barədə verilmiş absurd iddiaya etiraz edir. Onu da bildirir ki, iddiada qeyd olunan xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi (ötən 5 il ərzində) İddiaçı MMC-nin xəttindən “oğurluq” edilib- edilməməsindən yəni, müdaxilənin olub-olmamasından guya xəbərlərinin olmaması barədə yazdıqları iddia utancvericidir, ağ yalandır. Onların xidmətindən uzun müddət istifadə etdiyi üçün dəqiq bilir ki, çox saylı işçiləri bina-bina gəzərək, xidmət haqqını ödəməyən borclu abonentlərin kabelini anında şəbəkədən ayırırlar. Onlar bir qəpiklərindən belə keçməzlər. Belə ki, zəng edərək xx.xx.2014-cü ildən etibarən xidməti dayandırmaq barədə onlardan xahiş etmişdir. İddia ərizəsindən isə məlum olur ki, onlar isə guya 15 gün əlavə xidmət göstərərək 4,50 əsasız borc yaradıblar və onunda üstündən 8 il keçməsinə baxmayaraq, hələ də iddia ərizəsi ilə qanunsuz olaraq pul tələb edirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələri və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinin tələblərini rəhbər tutataraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş 8233 N saylı, xx.xx.2020-ci il tarixli akta əsasən “Ədalət-A” hüquq firmasının və “KATV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən ünvan 2 ünvanında kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş kirayə verən Cavabdeh Cəmaləddin qızı ilə kirayəçi X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı “Yaşayış sahəsinin kirayəsi haqqında” müqavilədən görünür ki, kirayə verən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 18A, 43 saylı mənzili 350 manat kirayə haqqı müqabilində kirayəçiyə kirayəyə vermişdir. ünvan 3i ünvanında qeydiyyatda olan X6 və X5 tərəfindən tərtib olunaraq, notariat qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onlar xx.xx.2020-ci tarixdən bu günə qədər ünvan 2 ünvanında yerləşən mənzildə yaşadıqlarını, xx.xx.2020-ci il tarixdə mənzilə köçən zaman mənzildə olan kabel televiziyası KATV xidmət göstərmədiyini, daha doğrusu, televizorun texniki cəhətdən saz olmasına və antena kabelinə qoşulu olmasına baxmayaraq, heç bir kanalı göstərmədiyini bildirmişdirlər. İş materiallarına əlavə olunmuş "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 670-FS-22 saylı arayışından görünür ki, Cavabdeh Cəmaləddin qızı xx.xx.2014-cü il tarixdən bu günə kimi Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 8, 31 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələrində, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd etmək lazımdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının iddiasına əsasən xx.xx.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən ünvan 2 ünvanında kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8233 N saylı akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Həmçinin, qanunsuz qoşulmanın xx.xx.2020-ci il tarixdə aşkar olunaraq, akt tərtib edilməsinə baxmayaraq, dəymiş ziyanın hansı əsasla xx.xx.2015-ci il tarixdən hesablanması da iş materialları ilə müəyyən edilmir. Bu da həmin aktın doğruluğuna şüppə yaratmaqdadır. Aktın tərtib olunduğu tarixdə qeyd olunan mənzildə kirayəçilərin yaşamasına baxmayaraq, iddia tələbinin mülkiyyətçi olması əsas götürülərək Cavabdeh Cəmaləddin qızına qarşı irəli sürülmsi də mülki və mülki-prosessual qanunvericiliyin tələbləri ilə ziddiyyət tələb edir. Belə ki, MPM-nin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Halbuki, hazırki halda Cavabdeh Cəmaləddin qızı mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, xx.xx.2014-cü il tarixdən həmin ünvanda yaşamadığından, iddiaçıya dəymiş ziyanla bağlı cavabdehlik daşıya bilməz. Belə olduğu halda isə iddiaçının ona qarşı ziyanın ödənilməsi tələbini irəli sürməsiüçün subyektiv hüququ yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Cəmaləddin qızına qarşı “maddi ziyan tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otu\) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3565/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3565/2022
05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver