Məhkəmə qərarları › İş №e-2(004)-357/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-357/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-357/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə3 Moqbil qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6.959,95 manat əsas borc, 1855,06 manat faiz borcu, 3400,14 manat cərimə borcu olmaqla, cəmi 12.215,15 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126,64 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə3 Moqbil qızı izahat verərək bildirmişdir ki, Cavabdeh1 ilə "xxxx" QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 001L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 001R********** saylı krеdit razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli, 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3/040,05 manat ödəmiş, onun 6.959,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 650 gün üçün hesablanmış faiz borcu 1.855,06 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 650 gün üçün hеsablanmış cərimə 3.400,14 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 öz izahatında bildirmişdir ki, krediti götürdükdən sonra pandemiya olduğundan qaytara bilməmişdir. Krediti götürmə səbəbini də banka bildirmişdir. Sahibkarlıqla məşğuldur və bu səbəbdən krediti götürmüşdür. Pandemiya şəraitini nəzərə alaraq cərimənin hesablanmasını düzgün hesab etmir və faizin yarıya qədər azaldılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank borcalana illik 28% ödəmək şərtilə 120 ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində kredit xəttini açmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 001R********** saylı kredit razılaşmasına əsasən bank borcalana aylıq 2,0833% ödəmək şərtilə 24 ay müddətinə 10.000 manat məbləğində krediti verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 001S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001L**********07 nömrəli uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 001S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001L**********07 nömrəli uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq-bildirişlərə əsasən, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6.959,95 manat əsas, 1.855,06 manat faiz borcu, 3400,14 manat cərimə olmaqla, cəmi 12.215,15 manat məbləğində borcu vardır. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2019-cu il tarixli, 001S**********03 saylı və 001S**********02 saylı zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa. Məhkəmə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunu 3400,14 manat məbləğində deyil, əsas borcun (6959,95 manat) 5% həcmində, yəni 487 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 113,02 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6.959,95 manat əsas borc, 1.855,06 manat faiz borcu, 487 manat cərimə olmaqla, cəmi 9302,01 (doqquz min üç yüz iki manat bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 113,02 (yüz on üç manat iki qəpik) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6959,95 manat əsas borc, 1855,06 manat faiz borcu, 487 manat cərimə olmaqla, cəmi 9302,01 (doqquz min üç yüz iki manat bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 113,02 (yüz on üç manat iki qəpik) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar