Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3595/2023 12.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1381 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh İddiaçı MMC-dən 2020-ci ildə nəqliyyat vasitəsi almışdır. Bir müddət sonra cavabdeh həmin nəqliyyat vasitəsini MMC-yə sataraq yenidən başqa bir nəqliyyat vasitəsi almışdır. Cavabdeh 2020-ci ilin iyul ayında İddiaçı MMC-yə müraciət edərək, aldığı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirilmək istədiyini, lakin pulunun olmaması səbəbindən bunu edə bilmədiyini bildirmişdir. Buna görə də İddiaçı MMC-dən 1381 manat borc pul istəmişdir. İddiaçı MMC Cavabdeh uzun müddət onların müştərisi olduğunu və maddi vəziyyətini nəzərə alaraq cavabdehlə xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Cavabdeh turizm fəaliyyəti ilə məşğul olduğunu bildirmişdi. Həmin vaxt dünyada baş verən Covid-19 pandemiyası səbəbindən turizm sahəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən qadağalar qoyulmuşdur. Əgər 14 yanvar 2021-ci il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən turizm sahəsi ilə bağlı tətbiq edilmiş qadağalar ləğv edilməzsə bu halda ödənişin müddətinin bu qadağaların ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərarın qəbul edilməsinə qədər uzadılması, əks halda isə bu qadağaların ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərarın qəbul edildiyi gündən başlayaraq cavabdeh 4-5 ay müddətində aldığı borcu geri ödəməli idi. 2021-ci ilin əvvəllərindən başlayaraq qoyulmuş qadağalar nisbətən yumşaldılmış, ilin sonunda isə qadağalar tamamilə aradan qaldırılmışdır. Bundan sonra cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmiş və müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bundan sonra İddiaçı MMC cavabdehin məsuliyyətə cəlb edilməsi ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı yeni xidməti ərazi bölgüsünun aparılması nəzərə alınmaqla ərizə ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Yasamal RPİ-nin 27-ci Polis Bölməsi araşdırma nəticəsində cavabdehin əməlində cinayət tərkibinin olmamasını və İddiaçı MMC ilə X1 arasında yaranmış mubahisənin mülki xarakter daşımasını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra İddiaçı MMC hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsində göstərilən 1381 manat pulun cavabdehə ödənilməsinə dair kassa məxaric orderi mövdud deyildir. İddiaçı həmin məbləği cavabdehin yaranmış cərimələrinin ödənilməsinə və avtomobilin BDYPİ-də öz adına rəsmiləşdirməsi üçün çəkilmiş xərclərin ödənilməsinə xərcləmişdir. Bunlardan cəmi 383 manat təşkil edən cərimələrin ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o İddiaçı MMC-dən “Chevrolet Captiva” markalı avtomobili kreditlə almışdır. Krediti hər ay vaxtında ödəmişdir. Lakin bir müddət sonra avtomobili təmirə aparanda, servisdə ustalar ona avtomobilin satılmamışdan qabaq ağır qəza keçirdiyini bildirmişlər. O, bu barədə İddiaçı MMC-yə öz iradını bildirmiş və onu aldadaraq qəzalı avtomobil satdıqlarına görə aldığı avtomobili geri qaytarılmasını və ya yeni avtomobillə əvəzlənməsini tələb etmişdir. İddiaçı ona bildirmişdir ki, bu avtomobilin dəyərini tam ödəyəndən sonra ona yeni avtomobil verə biləcəklər. O, məcbur olaraq avtombilin dəyərini 30.000 manatdan artıq olmaqla iddiaçıya ödəyib qurtarmışdır. Sonra həmin avtomobili iddiaçıya verərək, başqa avtomobil almışdır. Onun avtomobilini cəmi 20.000 manat qiymətləndirmişlər. Yeni avtomobil üçün əlavə vəsait ödəməli olmuşdur. Öz avtomobilini verdikdən sonra kreditlə əlavə 29.019 manat ödəməklə ona yeni avtomobil vermişlər. O, yeni avtomobilin dəyəri ödəməyə başlamışdır. Lakin bir müddət sonra pandemiya səbəbilə onun maddi vəziyyəti ağırlaşmış və bu səbəbdən krediti ödəməkdə çətinlik çəkmişdir. İddiaçı MMC-yə müraciət edərək, avtomobili geri qaytarmaq istədiyni bildirmişdir. Onlar avtomobili geri qaytamağa o şərtlə razılaşmışlar ki, onun ödədiyi ümumi pulun əvəzində əvvəlki qəzalı avtomobili geri qaytarsınlar. O, məcbur olaraq bu təkliflə razılaşmış və əvvəlki qəzalı avtomobilini qəbul etmişdir. Lakin cərimələri olduğuna görə avtomobili ona qaytarmaq istəməmişlər. O, bank kartından həmin gün cərimələrini ödəmişdir. Lakin yenə avtomobili ona qaytarmaq istəməmişlər və ona 1.381 manat borcu olduğunu bildirmişlər. Borc müqaviləsi bağlayacağı təqdirdə avtomobilin sənədlərini ona verəcəklərini bildirmişlər. O, məcburiyyət qarşısında qalaraq avtomobilini və sənədləri almaq üçün iddiaçın tərtib etdiyi xx.xx.2020-ci il tarixli müqaviləni imzalamışdar. Bundan sonra avtomobili və sənədləri götürərək, avtomobili öz adına sənədləşdirmişdir. xx.xx.2020-ci il tarixli müqavilə bağlanarkən və ya ondan əvvəl və sonra iddiaçı ona 1381 manat borc verməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddia tələbində xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı MMC-nin Cavabdeh 1.381 manat borc pul verdiyi, cavabdehin həmin məbləği qaytarmaqdan imtina etdiyi iddia edilir. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.381 manat borc pul verməsinə dair tərəflərin arasında sadə yazılı formada tərtib edilmiş müqavilə olsa da (əsli məhkəməyə təqdim edilməmişdir), xx.xx.2020-ci il tarixli kredit müqaviləsində göstərilən 1.381 manat pul vəsaitinin İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi təsdiq edən kassa məxaric orderi məhkəməyə təqdim edilməmişdir. İddiaçı nümayəndəsi də məhkəmə iclasında 1.381 manat pul vəsaitinin İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi təsdiq edən kassa məxaric orderinin mövcud olmadığını bildirmişdir. İddiaçının nümayəndəsinin məhkəmə təqdim etdiyi cəmi 383 manat təşkil edən yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış inzibati cərimələrin ödənilməsini təsdiq edən qəbzlər Cavabdeh adından ödənilmişdir. Həmin vəsaitlərin məhz İddiaçı MMC-nin vəsaiti hesabına ödənilməsinə dair ödəniş tapşırıqları və kassa məxaric sənədləri məhkəməyə təqdim edilməmişdir. Cavabdehin adından ödənilən inzibati cərimələrin qəbzlərinin iddiaçıda olması, həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlməyə kifayət qədər əsas vermir. İddiaçı MMC hüquqi şəxs olduğuna görə xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən 1381 manat vəsaitin cavabdehə ödənilməsi yalnız kassa məxaric orderi ilə təsdiq edilə bilər. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi xüsusatlar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, iddiaçının cavabdehə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında 1.381 manat borc pul verməsini təsdiq edən sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, Mülki Məcəllənin 740-cı maddəsində və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsində nəzərdə tutulan mötəbər yazılı sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1381 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 35 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3595/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3595/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver