Məhkəmə qərarları › İş №e-2(004)-361/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-361/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-361/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Saipa Saina” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi BB618818 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçıya məxsusdur. xx.xx.2024-cü il tarixində saat 07:50 radələrində iddiaçı özünə məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi ilə sağ zolaqla hərəkət edərək işıqforun yaşıl işığında R.Behbudov küçəsi ilə kəsişməni düzünə keçərkən iddiaçıdan solda iddiaçı ilə eyni istiqamətdə hərəkətdə olan “Geely Coolray” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağ tərəfə yerdəyişmə edərək Ü.Hacıbəyli küçəsi istiqamətində dönərkən iddiaçının idarə etdiyi avtomobilin sol yan hissəsini vurmuş, sol yan güzgünü sındırmışdır. Bundan sonra yol nəqliyyat hadisəsi yerinə yol polis xidmətinin əməkdaşları gəlmiş hər iki tərəfin sənədlərini tələb edərkən məlum olmuşdur ki, Cavabdeh məxsus nəqliyyat vasitəsinə dair sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin sığortaçı hesabına qarşılanması mümkün olmamışdır. Cavabdeh isə qəti surətdə dəymiş zərəri qarşılamaqdan imtina etmişdir. “Akay auto” tərəfindən iddiaçıya məxsus **- SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və avtomobilə dəyən ziyanın məbləği 2700 manat olaraq hesablanmışdır. Bununla yanaşı, avtomobili vurulandan sonra xüsusi dayacağa yerləşdirmiş və idarə olunması mümkün deyildir, bu səbəbdən yol nəqliyyat hadisəsi baş verən gündən bəri iş yerinə ictimai nəqliyyat vasitəsi və ya taksi ilə getmək məcburiyyətində qalmış, öz şəxsi işlərini isə ümumiyyətcə avtomobil olmadığından həll edə bilmir. Bu da öz növbəsində iddiaçıya əlavə xərclərin yaranmasına gətirib çıxarır. Odur ki, yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsibə dəymiş 2700 manat ziyanın, habelə avtomobildən istifadə edə bilməməsi səbəbindən yaranan əlavə 250 manat xərcin və iddia ərizəsi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində vəsaitin (ümumilikdə 3000 manat) cavabdeh şəxsdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına avtomobilin fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, “Saipa Saina” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2700 manat təşkil edir. İş materiallarında olan X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən “Saipa Saina” markalı **-SM- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2400 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan İcbari Sığorta Bürosunun xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Geely Coolray” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə sığorta şəhadətnaməsi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü Cavabdeh münasibətdə yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Vurulmuş zərərlə bağlı məhkəmə müvafiq mütəxəssis rəyini əsas götürür. Belə ki, mütəxəssis rəyi ilə qüsur aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus “Saipa Saina” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2400 manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir. Cavabdehin idarə etdiyi avtomobilin hadisə baş verən vaxt sığortalı olmaması İcbari Sığorta Bürosunun məktubuna əsasən müəyyən edilir. Tələb üzrə iddiaçının avtomobildən istifadə edə bilməməsi səbəbindən yaranan əlavə 250 manat xərcin cavabdehdən tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin hissə ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut(lar) təqdim edilməmişdir. İddia ərizəsində qeyd edilənlərə əsasən də, iddia tələbinin təmin edilməsi əsaslı hesab edilmir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbi üzrə sübutetmə yükü təşkil edilməmiş, iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 50 manat dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 50 manat dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq X1 Mərkəzi MMC-nin VÖEN **********, AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, SWİFT BİK PAHAAZ22, Müxbir hesab AZ82NABZ******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 50 manat dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq X1 Mərkəzi MMC-nin VÖEN **********, AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, SWİFT BİK PAHAAZ22, Müxbir hesab AZ82NABZ******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar