Məhkəmə qərarları › İş №e-2(004)-3627/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3627/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3627/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və yetkinlik yaşına çatmayan oğlu xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 319 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Subli Salayev küçəsi, 47, M15, mənzil 3) istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Nizamı Adilov ilə xx.xx.2013-cü il tarixdə Səadət Sarayında qeydə alnımaqla nikaha daxil olmuşdur. Nikaha daxil olduğu gündən ərinin (cavabdehin) xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 319 nömrəli mənzilə öz cehiz əmlakları ilə birlikdə köçmüşdür. Birgə nikahdan həmin mənzildə xx.xx.2014-cü ıl təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonralar onlar arasındakı xasiyyət uyğunsuzluğu səbəbindən aralarında narazılıqlar baş vermişdir. Nəticədə, hazırda cavabdehin iddiaçıya olan münasibəti nəticəsində iddiaçıya ünvan 3 ünvanında yerləşən 319 nömrəli mənzildə yaşamağa imkan yaradılmamışdır. İddiaçı müvəqqəti olaraq hazırda azyaşlı oğlu ilə birlikdə valideynlərinin himayəsində yaşamaq məcburiyyətindədir. İddiaçının azyaşlı oğlu ilə birlikdə başqa yerdə yaşamaq imkanları yoxdur. Tərəflər məhkəməyə qədər ilkin mediasiyasından keçmiş, lakin onlar arasında razılıq alınmamışdır. Bununla bağlı müvafiq arayışı iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, həmin iddia ərizəsi tam əsassızdır. Belə ki, tərəflər 04 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 20 sentyabr 2014-cü il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli e-2(004)-1734/2022 nömrəli qətnaməsi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 20 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinllik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan əlavə mübahisəli mənzil 2012-ci ildə hazırki iş üzrə Cavabdeh nənəsi «Tərəqqi- Tikinti» Mənzil Tikinti Koperativi arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına əldə edilmiş, cavabdehin nənəsi vəfat etdikdən sonra həmin mənzil 23 oktyabr 2019-cu il tarixdə X1 (cavabdehin anası) adına ilkin qeydiyyata alınmış və sonuncunun adına mübahisəli mənzilə dair çıxarış verilmişdir. Daha sonra qeyd olunan mənzil Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunda 24 dekabr 2019-cu il tarixli 4Ə-915 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh adına keçmiş və onun adına çıxarış verilmişdir. Bundan başqa hazırki iş üzrə İddiaçı, tərəflərin arasında olan boşanma prosesi başlandıqda, mübahisəli mənzili tərk etmiş və özünə məxsus olan əşyaları götürmüşdür. Tərəflər nikahda olduğu müddət ərzində İddiaçı həmin mənzilin ilk mülkiyyətçisi, yəni Cavabdeh nənəsi ilə, bundan sonra X2 ilə, eyni zamanda hazırki mülkiyyətçisi Cavabdeh ilə mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq istifadə hüququ əmələ gəlməsi üçün mülkiyyətçilərinin heç birisi ilə notariat qaydada müqavilə bağlamamış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyəçtçi ilə bağlanan, notariat qayasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçisinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı iddia ərizəsində qeyd etsə də, «... hazırda azyaşlı oğlu ilə birlikdə valideynlərin himayəsində yaşamağa məcburiyyətindədir, azyaşlı oğlu ilə birlikdə başqa yerdə yaşamaq imkanları yoxdur», həmin hal həqiqətə uyğun deyil. Belə ki, Cavabdeh boşanmadan əvvəl, boşanma prosesində və bu günə kimi oğlu Muradın bütün maddi təminatlarını ödəyir. Bundan başqa, 29 iyun 2022-ci il tarixli **********838 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi məktubundan məlum olur ki, İddiaçı bir sıra daşınmaz əmlaklar məxsusdur. Beləliklə, qeyd olunanlara əsasən iddiaçının verdiyi iddia ərizəsi tam qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1734/2022 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı Bakı nikah evi tərəfindən 04 oktyabr 2013-cü il tarixdə, 1809 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına 001442 nömrəli xx.xx.2004-cü il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə, 000196 nömrəli xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə, 236 nömrəli xx.xx.2004-cü il tarixli özəlləşdirilən müəssisə və obyektrin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 nömrəli xx.xx.2005-ci il tarixli qərarına və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqaviləyə, həmçinin **********2000020 nömrəli kadastr planına əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0.10328 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına ümumi birgə payda olan Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.24 ha yaşayış məntəqələrinin torpaqahəsi aid keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 1479 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixli H- 28 nömrəli məktubu əsasında JN-17370D nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı adına Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi aid Xaçmaz rayonu Seyidlikəndyeri Bələdiyyəsinin 14 nömrəli xx.xx.2004-cü il tarixli qərarı əsasında JN-477A nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 5, mənzil 319 (AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 47, M15, m3) ilkin olaraq xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 38 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 4Ə-915 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir.İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********03-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5, mənzil 319 (AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 47, M15, m3) tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********03-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 5 ünvanında yerləşən 319 nömrəli mənzili (AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 47, M15, m3) Cavabdeh bağışlamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 5, mənzil 319 (AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 47, M15, m3) ilkin olaraq xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 38 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 4Ə-915 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında olan nikah münasibətlərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1734/2022 nömrəli qətnaməsinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mənzilə istifadə hüququnun tanınması ilə bağlı tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli mənzilə mülkiyyət, istifadə hüququ və ya cavabdehlə bərabər hüququ mövcud olmalıdır ki, istifadə hüququnun tanınması üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ mənzilin cavabdehin mülkiyyətinə keçməsi ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında nikah münasibətlərinə xitam verilməsi mənzil mülkiyyətçisi olan Cavabdeh ilə iddiaçı arasında olan ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur. Belə ki, İddiaçı ilə cavabdeh arasında istifadə hüququ bağlı münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından, bu münasibətlərdən yaranan mübahisəyə halhazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun cavabdehin əmlaka mülkiyyət hüququnun əldə edildiyi andan yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının mənzildən istifadə hüququnun müvəqqəti saxlanması tələb etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququnu itirmiş, həmin mənzildən istifadə hüququnun müvəqqəti saxlanmasına isə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar