Məhkəmə qərarları › İş №e-2(004)-3632/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3632/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3632/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 450 ABŞ dolları manat əsas borcun, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 90 ABŞ dolları cərimə, cəmi 540 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə bildiriş göndərilmiş, cavabdehlərdən Cavabdeh2 tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır, digər Cavabdeh1 isə evdə olmadığından bildiriş məhkəməyə geri qayıtmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 470-472, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, iş materiallarında 28.10.2019-cu il tarixli, VİP 17842 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 ümumi məbləği 760 ABŞ dolları olan Aplle İphone X 64GB Gray B markalı mobil telefonu vermişdir. Həmçinin 28.10.2019-cu il tarixli, VİP 17842 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün digər Cavabdeh2 ilə 28.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4.3-cü maddəsinə əsasən zamin zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və “Borclu”nun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Satıcı”ya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla “Satıcı” qarşısında “Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 04.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28.10.2019-cu il tarixli, VİP 17842 saylı nisyə alqı-satqı müqaviləsi və digər Cavabdeh2 28.10.2019-cu il tarixli, VİP 17842 zaminlik müqaviləsi üzrə ödənilməmiş 450 ABŞ dolları əsas borcu və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 90 ABŞ dolları cərimə, cəmi 540 ABŞ dolları məbləğində borcu vardır. Cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 437-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 450 ABŞ dolları əsas borc, 90 ABŞ dolları cərimə borcu, cəmi 540 ABŞ dolları tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 450 (dörd yüz əlli) ABŞ dolları əsas borc, 90 (doxsan) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) cərimə borcu, cəmi 540 (iki yüz on bir) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu, tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar