Məhkəmə qərarları › İş №e-2(004)-3635/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3635/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3635/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 2 (iki) borc müqaviləsi üzrə ümumilikdə 72.000 (yetmiş iki mkin) manat əsas borcun, 3840 (üç min səkkiz yüz qırx) manat gecikdirilmiş günlərə görə faiz məbləğinin, 170 (yüz yetmiş) manat hüquqi yardımın göstərilməsinə görə vəkil xərclərinin və dövlət rüsumu kimi ödənilmiş 318,03 (üç yüz on səkkiz manat üç qəpik) manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli 2 (iki) borc müqavilələri üzrə cavabdehə müvafiq olaraq 32.000 və 40.000 manat borc vermişdir. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğlərini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan yazılı qaydada bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə 32.000 manat borc vermişdir. Cavabdeh MMC tərəfindən müqaviləni direktoru X2 imzalamaqla hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir. Müqavilə öhdəliklərinə əsasən sözügedən borc məbləği xx.xx.2022-ci il tarixdə geri qaytarılmalı idi. İş materiallarında olan yazılı qaydada bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə 40.000 manat borc vermişdir. Cavabdeh MMC tərəfindən müqaviləni direktoru X2 imzalamaqla hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir. Müqavilə öhdəliklərinə əsasən sözügedən borc məbləği xx.xx.2022-ci il tarixdə geri qaytarılmalı idi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin (VÖEN **********) səlahiyyətli nümayəndəsi X1r (FİN: 45P1G3K). İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə öhdəliklərin icra edilməsi ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 965 nömrəli müqaviləyə və xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, İddiaçı hazırki mülki iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün 170 (yüz yetmiş) manat xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 449, 739 və 740.2-ci maddələri çıxış edir. MM-in 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. MM-in 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə MM-in 449,739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Beləliklə müəyyən olunur ki, yazılı qaydada bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə 32.000 manat borc vermişdir. Cavabdeh MMC tərəfindən müqaviləni direktoru X2 imzalamaqla hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir. Müqavilə öhdəliklərinə əsasən sözügedən borc məbləği cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə geri qaytarılmalı idi. Həmçinin, yazılı qaydada bağlanmış xx.xx.2022-ci il tarixli digər borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə 40.000 manat borc vermişdir. Cavabdeh MMC tərəfindən müqaviləni direktoru X2 imzalamaqla hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir. Müqavilə öhdəliklərinə əsasən sözügedən borc məbləği cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə geri qaytarılmalı idi. Hər iki müqavilə yazılı formada bağlanmışdır və etibarlıdır. Lakin, Cavabdeh MMC müqavilə öhdəliklərinə əməl etməmiş və müqavilələr üzrə müəyyənləşdirilmiş tarixdə borc məbləğlərini geri qaytarmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə kifayət qədər yüksək miqdarda olan borc məbləğlərini qaytarmaqdan boyun qaçırmaqla pul vəsaitindən faydalanmağa görə həmin vəsaitin məbləğindən faizləri ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 3840 (üç min səkkiz yüz qırx) manat gecikdirilmiş günlərə görə faiz məbləğinin (müvafiq təqvim ilinə uyğun olaraq 8%-lə) hesablanması qanuni və əsaslıdır. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 318,03 (üç yüz on səkkiz manat üç qəpik) manat dövlət rüsumu, 170 (yüz yetmiş) manat hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş məbləğ məhkəmə xərci qismində cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli yazılı formada bağlanmış 2 (iki) borc müqaviləsi üzrə müvafiq olaraq 32.000 manat və 40.000 manat olmaqla ümumilikdə 72.000 (yetmiş iki min) manat əsas borc, 3840 (üç min səkkiz yüz qırx) manat gecikdirilmiş günlərə görə faiz məbləği, 170 (yüz yetmiş) manat hüquqi yardımın göstərilməsinə görə vəkil xərci və dövlət rüsumu kimi ödənilmiş 318,03 (üç yüz on səkkiz manat üç qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli yazılı formada bağlanmış 2 (iki) borc müqaviləsi üzrə müvafiq olaraq 32.000 manat və 40.000 manat olmaqla ümumilikdə 72.000 (yetmiş iki min) manat əsas borc, 3840 (üç min səkkiz yüz qırx) manat gecikdirilmiş günlərə görə faiz məbləği, 170 (yüz yetmiş) manat hüquqi yardımın göstərilməsinə görə vəkil xərci və dövlət rüsumu kimi ödənilmiş 318,03 (üç yüz on səkkiz manat üç qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar