Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-364/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 13976 (on üç min doqquz yüz yetmiş altı) ABŞ dolları borcun, 320 (iki yüz iyirmi) manat hüquqi xidmətə görə haqqın, 161,28 manat (bir yüz altmış bir AZN 28 qəpik) dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə məhkəməyə ona görə müraciət etmişdir ki, Cavabdeh4la aralarında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə mövcud olmuşdur. Həmin müqavilə üzrə digər cavabdehlər də zaminlik müqaviləsi imzalamaqla üzərlərinə öhdəlik götürmüş, lakin həmin öhdəlikləri icra etməmişlər. İddia ərizəsinə əlavə edilmiş müqavilədən görünür ki, cavabdehlərin ona 14564 ABŞ dolları borcları olmuş, lakin həmin borcun 1000 manat (588 ABŞ dolları) hissəsini Cavabdeh4 qaytarmışdır. Buna baxmayaraq müqavilə üzrə öhdəliklər lazımınca icra olunmamışdır. Hesab edir ki, yerdə qalan borc onlardan müştərək qaydada tutulmalıdır. Belə ki, cavabdehlər xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh Samir Axunovun etiraf etdiyi borcu hər ay 607 ABŞ dolları, sonuncu ay 626 ABŞ dolları olmaqla (cəmi 14.564 ABŞ dolları) xx.xx.2025-ci il tarixinə qədər tam həcmdə nağd şəkildə borc verənə qaytarılmasını öhdəsinə götürmüşlər. Buna baxmayaraq müqavilənin həmin şərti lazımi qaydada icra olunmamışdır. Bu səbəbdən də onların qeydiyyatda olduqları ünvanlara müvafiq məzmunlu xəbərdarlıq məktubları göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatına əlavə olaraq bildirdi ki, Cavabdeh4 cəmi 14564 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh4 zamin durmuşlar. Cavabdeh4 həmin məbləğdən 1000 manat (588 ABŞ dolları) pulu iddiaçıya geri qaytarmış, hazırda isə ödənilməmiş 13976 ABŞ dolları məbləğində pul vəsaiti qalmışdır. Sübut kimi tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri məhkəməyə təqdim olunmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini ona aid olan hissədə etiraf edərək və bu barədə yazılı ərizə təqdim edərək, iddianın hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini ona aid olan hissədə etiraf edərək və bu barədə yazılı ərizə təqdim edərək, iddianın hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 10 iyul 2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsinə əsasən İddiaçı Cavabdeh4 14564 ABŞ dolları məbləğində pul borca vermiş, borclu bu müqavilə ilə etiraf etdiyi borcu hər ay 607 ABŞ dolları, sonuncu ay 626 ABŞ dolları olmaqla (cəmi 14564 ABŞ dolları) xx.xx.2025-ci il tarixinə qədər tam həcmdə nağd şəkildə borc verənə qaytarılmasını öhdəsinə götürür. - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zamin durmuşlar. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 10 iyul 2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsinə əsasən, İddiaçı Cavabdeh4 xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 14564 ABŞ dolları məbləğində borc vermişdir. Həmin müqavilənin təminatı kimi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zamin durmuşlar. Cavabdeh4 həmin borcdan 1000 manat (588 ABŞ dolları) məbləğində pulu İddiaçı ödəmişdir. Sözü gedən bu hal iddiaçının nümayəndəsinin eləcədə cavabdehlərin etirafedici izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı cavabdehlərin ona 13976 ABŞ dolları məbləğində borcun olmasını etiraf etmişdir. Cavabdeh4 İddiaçı ilə aralarında bağlanmış 10 iyul 2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsindən, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar, ona görə də onların iddiaçı qarşısında müştərək qaydada borcları yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında 14564 ABŞ dolları məbləğinə münasibətdə borcun etirafı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə tərəflər arasında yazılı borcun etirafı müqaviləsi bağlanmış, Cavabdeh4 iddiaçıdan 14564 ABŞ dolları məbləğində borc alaraq, bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamış, borcundan yalnız 1000 manat (588 ABŞ dolları) ödəniş etmiş və bununla da Cavabdeh4 iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə cavabdehlərin iddiaçıya hal-hazırda 13976 (on üç min doqquz yüz yetmiş altı) ABŞ dolları məbləğində borcları olduğu müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, cavabdehlərin etirafedici izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin ümumilikdə 13976 (on üç min doqquz yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 13976 (on üç min doqquz yüz yetmiş altı) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 320 (iki yüz iyirmi) manat hüquqi xidmətə görə haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 5201 saylı təyinat üzrə hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli vəkil orderinə əsasən “Femida” vəkil bürosu tərəfindən 5201 saylı müqaviləyə əsasən Vəkil hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə 160 manat məbləğində pul vəsaitini ağlabatan hesab edərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hüquqi xidmətə görə 160 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 161,28 (yüz altmış bir manat 28 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 13976 (on üç min doqquz yüz yetmiş altı) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 161,28 (yüz altmış bir manat 28 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmətə görə 160 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-364/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-364/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver