Məhkəmə qərarları › İş №e-2(004)-3686/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3686/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3686/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb etmə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2018 nömrəli 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 154 manat sabit pul məbləğində alimentin Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsini və uşağın əlavə xərcləri kimi 300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2018 nömrəli 12 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 154 manat sabit pul məbləğində alimentin xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən dövlət məvacibi (əmək haqqı) 3750 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə alimentin əsasını dəyişdirməklə artırılmasını əsaslı hesab edir. Belə ki, ¼ hissə, aylıq 154 manat sabit pul məbləğində müəyyən edilmiş alimentdən yüksək miqdar təşkil edəcəkdir. Cavabdehin aylıq gəlirlərindən ¼ hissədə tutulma yetkinlik yaşına çatmayan X2 maraq və mənafelərinə tam uyğundur. Yetkinlik yaşına çatmayan X1 üçün əlavə xərclərə cəlb etmə ilə bağlı hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab etmir. Belə ki, nəzərə almaq lazımdır ki, cavabdehin aylıq əmək haqqı 3750 (üç min yeddi yüz əlli) manat təşkil edir və sözügedən məbləğin ¼ hissəsi 937,5 manat təşkil edir ki, bu da yetkinlik yaşına çatmayan uşağın saxlanılmasının təmin edilməsi üçün kifayət qədər normal məbləğdir. Alimentin mahiyyəti, məqsədi varlanmaq, əmlak əldə etmək deyil, məhz uşağın saxlanılmasına hər iki valideynin cəlb edilməsi və uşağın normal yaşayışının təmin edilməsidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin borcudur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan X1 üçün əlavə xərclərə cəlb etmə ilə bağlı hər ay 300 (üç yüz) manat sabit məbləğdə pulun tutulmasının zəruriliyini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, tələb həmin hissədə əsaslandırılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 482/2018 nömrəli 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 154 manat sabit pul məbləğində aliment dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2018 nömrəli 12 iyun 2018ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 154 manat sabit pul məbləğində aliment dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar