Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-371/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Şahməmmədova (Abbasova) Pərvanə Məmmədağa qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər, icra) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Şahməmmədova (Abbasova) Pərvanə Məmmədağa qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Şahməmmədova (Abbasova) Pərvanə Məmmədağa qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 165,35 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2017-ci il tarixli, e2(004)- 10968/2017 saylı Məhkəmə Əmri çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 1102,34 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 165,35 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 165,35 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq vəya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Cavabdeh iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən borc icra şöbəsi tərəfindən onun əmək haqqına yönəldilmiş borc məbləği və 7 % icra ödənişi əmək haqqından tutulmuşdur. Bu faktı sübut edən icra şöbəsinin məktubunu sistemə əlavə edir. Borc tələbi ilə bağlı onunla yalnız icra məmuru əlaqə saxlamışdır. Bank hansısa şirkətlə belə bir müqaviləsinin olması barədə ona heç bir məlumat verməmişdir. Bankın məntiqi ilə düşünsələr onda bank ona Kredit verdiklərinə və ya sənədləşmə işi apardıqlarına görə işçilərinə ödədiyi əmək haqqınıda ondan tələb etməlidir, bu nə dərəcə ədalətli və qanunidir. Həmçinin bankla bağlanan Kredit müqaviləsinin şərtlərində belə bənd yoxdur. Odur ki, qeyd edillənləri nəzərə alıb ərizənin təmin edilməməsini sizdən xahiş edir.
İİ.Tərəflərin mövqeləri:
5. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişlər.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və\və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank müştəriyə cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürür.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(004)- 10965/2017 nömrəli məhkəmə əmrinə əsasən borclu(lar)dan (Cavabdeh) kreditor “X1 Azərbaycan” QSC ilə bağlanmış öhdəlik müqaviləsi üzrə 1082,34 manat borc üzrə tutulmalı olan məbləğ və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir.
12. 13.06.2022-ci il tarixli 12 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin may ayı üzrə “World” kart krediti üzrə borclu müştərisi Cavabdeh 1102,34 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
13. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2012-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 1102,34 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 165,35 manat məbləğində xidmət haqqı ödənilmişdir.
14. 28.08.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 165,35 manat xidmət haqqının 5 iş günü müddətində “X1 Azərbaycan” QSC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
15. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-9683/2 nömrəli məktubdan görünür ki, borclu Cavabdeh cəmi 1102,34 manat tutularaq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-10968/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh əmək haqqının hər ay 50% tutulması üçün "xxxx" MMC-yə göndərilir. Tutulan məbləğ bilavasitə tələbkar “X1 Azərbaycan” QSC-nin hesabına köçürülməlidir. Borclu Cavabdeh tutulmalı olan məbləğinin 7% (77,16 manat) “İcra haqqında” Azərbaycan Respublikası qanununun 78-ci maddəsinə əsasən Yasamal Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsi təklif olunur.
16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-xx.xx.2022-ci illər tarixlərində “Beta Consortium MMC”-də “Sədərlər üzrə nəzarətçi” vəzifəsində işləmişdir. Cavabdeh əmək haqqısından tutulmalar aşağıdakı kimi icra edilmişdir: xx.xx.2022-ci il tarixində 1102,34 manat və 77,16 manat.
17. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
18. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
19. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
20. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
21. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
22. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Şahməmmədova (Abbasova) Pərvanə Məmmədağa qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil