Məhkəmə qərarları › İş №e-2(004)-3716/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3716/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3716/2024 07.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3278.31 manat məbləğində əsas bоrc və 465.32 manat faiz borcu оlmaqla,cəmi 3743.63 manat borcun və 57.84 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022 il tariхli, 108804-537302/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 28 iyun 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3278.31 manat məbləğində əsas bоrcu və 465.32 manat faiz borcu оlmaqla, cəmi 3743.63 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 108804- 537302/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 20.5 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit ayırır və bank hesabı açır, cavabdeh təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.

5. Müqaviləyə əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.

6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixinə 3278.31 manat əsas, 190.91 manat faiz borcu olmaqla, ümumilikdə 3469.22 manat borcu yarandığından kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

7. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 108804-537302/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 3278.31 manat əsas, 465.32 manat faiz borcu, cəmi 3743.63 manat borcu yaranmışdır.

8. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

13. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziyanın ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.

14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 3278.31 manat məbləğində krеdit bоrcu, 190.91 manat məbləğində faiz borcunun, ümumilikdə isə 3469.22 yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 57.44 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3278.31 manat əsas, 190.91 manat faiz borcu, ödənilmiş 57.44 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3526.66 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar