Məhkəmə qərarları › İş №e-2(004)-3754/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3754/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3754/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.087 (otuz bir min səksən yeddi) manat məbləğində vurulmuş zərər və 184,92 manat ödənilmiş dövlət rüsumunun, cəmi 31,271.92 (otuz bir min iki yüz yetmiş bir manat, doxsan iki qəpik) manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan, 2021-ci il buraxılışlı, “BMW” 530 E Plug-in Hibrid markalı, ** FR *** qeydiyyat nişan nömrəli minik avtomobili "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2023 tarixdən xx.xx.2024 tarixə qədər bir il müddətinə icbari sığortalanmışdır. Nümayəndə (bundan sonra mətndə iddiaçının nümayəndəsi) həmin avtomobili etibarnamə əsasında 04 noyabr 2024-ci il tarixində, saat 08.40 radələrində Bakı şəhəri, İsmayılbəy Qutqaşınlı küçəsi ilə A.Sultanova küçəsi ilə kəsişmə yerində idarə edib, hərəkətdə olarkən Cavabdeh (bundan sonra mətndə cavabdeh) idarə etdiyi “Ford Fusion” minik markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi zamanı “BMW” 530 E Plug-in Hibrid markalı minik avtomobilinə maddi zərər vurmuşdur. Yol hərəkət qaydaları və yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydalarının cavabdeh tərəfindən pozulması və sonuncunun AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXR ******* nömrəli inzibati xəta haqqında protokolu ilə təsdiq olunmuşdur. "xxxx" şirkəti tərəfindən “BMV” 530 E Plug-in Hibrid markalı avtomobilə dəymiş ziyan 18370 manat qiymətləndirilmiş və dəymiş zərərin 5000 manatı qanunvericiliklə müəyyən olunmuş sığorta məbləğinin son həddinə uyğun olaraq sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Avtomobilə dəymiş faktiki ziyan 18370 manatdan çox olduğuna görə sığorta şirkəti tərəfindən hesablanmış zərərin məbləği ilə razılaşmayaraq tərəflərindən "xxxx" MMC qiymətləndirmə şirkətinə müraciət edilmiş, həmin Şirkətin mütəxəssisləri tərəfindən avtomobilə 36087 manat məbləğində zərər vurulduğu müəyyən olunmuş və bu barədə 14 yanvar 2025-ci il tarixli 11 nömrəli arayış təqdim olunmuşdur. Qanunvericiliklə və sığorta müqaviləsi ilə sığortaçının öhdəliyinin son həddi 5000 manat müəyyən olunduğundan qalan 31087 manat (36087-5000=31087) ziyan məbləğinin avtomobilə zərər vurmuş cavabdeh tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən edərək, izahatında bildirmişdir ki, sığorta şirkətinin qüsur aktına uyğun iddiaçıya dəymiş ziyanı ödəməyə razıdır. 13.370 manatı ödəyə bilər. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BB seriyalı 510334 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW 530E Plug-in Hibrid minik markalı, qara metallik rəngli, 2021-ci il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhər DYPİ-nin ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokolundan görünür ki, Ford Fusion minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkətinin 11 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" AR Qanunun 9-cu (Qiymətləndiricinin hüquqları) maddəsinə, Milli Qiymətləndirmə Standartlarının 2.3-cü (Qiymətləndirici-qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi tərəfindən verilən sertfikatdır) bəndinə AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (BMW avtomobilləri üçün Azərbaycanda rəsmi servis xidmətləri göstərən İmprotex Motors, BMW servisdən, digər bmw ehtiyyat hissələri satan mağazalardan, bu sahədə fəaliyyət göstərən şəxslərdən, internet saytlarından və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə aşağıdakılar müəyyən edilmişdir: 1. 2021-ci il buraxılışlı BMW 530E Plug-in Hibrid markalı avtomobilə xx.xx.2025-ci il tarixdə keçirilmiş baxışa əsasən dəymiş zərər 36087 manat arası təşkil edir; 2. Yuxarıda göstərilən qiymət "xxxx" MMC-nin avtomobil ehtiyyat hissələri bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin birbank.az tətbiqindən əldə edilmiş ********** nömrəli qəbzdən görünür ki, 5000 manat vəsait xx.xx.2025-ci il tarixdə onun bank hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 184 manat məbləğində dövlət rüsumu ödənilmişdir. PXA159081 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Mercedes-Benz C200” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, S.Rəhimov küçəsində “Nissan Sunny” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı abtomobil ilə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8780 manatdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. X2 hesabına köçürüləcək məbləğ 4896,82 manat təşkil edir. Yekun müddəalarda qeyd olunmuşdur ki, Üçüncü şəxs X3 təsdiq edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta haqqında nəzərdə tutulmş sığorta ödənişi həyata keçiriləndən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası yoxdur. "xxxx" ASC məhkəmə qərardadının icrası ilə əlaqədar 11228/C nömrəli, xx.xx.2025-ci il tarixli məktubla Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatı məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin 338401 nömrəli, xx.xx.2025-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, BMW 530E Plug-in Hibrid minik markalı, 2021-ci il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyyat hissələrinin dəyəri 16.520 manat, görüləcək işlərin dəyəri 1850 manat olmaqla, cəmi 18.370 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 904.1-ci maddəsinə əsasən, Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən, Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 922.1-ci maddəsinə əsasən, Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən, Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən, Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 926.1-ci maddəsinə əsasən, Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən, Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən, İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən, Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4-cü maddəsinə əsasən, Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 16.2-ci maddəsinə əsasən, Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən, Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 20.1-ci maddəsinə əsasən, Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.2-ci maddəsinə əsasən, Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 54-cü maddəsinə əsasən, bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. 56.1.2-ci maddəsinə əsasən, Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Ford Fusion minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı mülkiyyətində olan, 2021-ci il buraxılışlı, “BMW” 530 E Plug-in Hibrid markalı, ** FR *** qeydiyyat nişan nömrəli minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər dəymişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 53.4-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin mülkiyyətçisi olan və onu qanuni əsasla idarə edən Cavabdeh mülki məsuliyyətə cəlb edilməlidir. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin 338401 nömrəli, xx.xx.2025-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, BMW 530E Plug-in Hibrid minik markalı, 2021-ci il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyyat hissələrinin dəyəri 16.520 manat, görüləcək işlərin dəyəri 1850 manat olmaqla, cəmi 18.370 manat təşkil edir. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. İddiaçı, əgər avtomobilinə dəymiş ziyan məbləği 5000 manatdan artıq idi isə, müvafiq sığorta aktı ilə razılaşmamalı, sığorta şirkətindən, avtomobilinə dəydiyini irəli sürdüyü ziyanın ödənilməsini tələb etməli idi. Cavabdeh iddiaçıya ödənilən sığorta ödənişi çıxılmaqla yerdə qalan məbləği ödəməyə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli Qərarında qeyd olunur ki, “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir; “İcbari sığortalar haqqında” Qanunun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir; sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.” Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarda vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki məsuliyyətə cəlb olunan şəxs Cavabdeh maddi ziyanın əvəzi olaraq 13.370 manat (18.370 manat – 5000 manat ödənilən sığorta məbləği = 13.370 manat) pul tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə (17.717 manat) iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh ödənilmiş ödənilmiş dövlət rüsumunun 130,11 (bir yüz otuz manat on bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13.370 (on üç min üç yüz yetmiş) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 130,11 (bir yüz otuz manat on bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.370 (on üç min üç yüz yetmiş) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 130,11 (bir yüz otuz manat on bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar