Məhkəmə qərarları › İş №e-2(004)-3760/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3760/2022

02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3760/2022 02.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Accessbank QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış xx.xx.2009-cu il tarixli 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 6372,3 manat məbləğində kredit borcu, 1088,86 manat məbləğində faiz borcu və 898,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8359,57 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103,6 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydad məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Accessbank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001L**********76 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, Accessbank QSC Cavabdeh2 120 ay müddətinə, illik 28% olmaqla, 300000 manat məbləğində kredit xətti açmağı, borcalan isə bu müqavilə və kredit razılaşmaları əsasında göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən müəyyən olunur ki, Accessbank QSC Cavabdeh2 36 ay müddətinə, aylıq 1,9167% olmaqla, 10000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, sonuncu ay 393,49 manat, hər ay 389 manat olmaqla, cəmi 14008 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001R**********SA saylı sazişə əsasən Accessbank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001L**********76 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26 may 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, sonuncu ay 421,31 manat, hər ay 422,62 manat olmaqla, cəmi 10593,76 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Accessbank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001S**********03 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bu müqavilə bank və borcalan Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 001L**********76 saylı uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 300000 manat, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28%-dir. Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın banka 6372,3 manat əsas və 1088,86 manat faiz, 898,41 manat cərimə borcu olmaqla, ümumilikdə 8359,57 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borclunun və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 001R********** saylı kredit razılaşması üzrə 6372,30 manat məbləğində kredit borcu, 1088,86 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, ümumilikdə 7561,16 manat məbləğində borc və 103,6 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Accessbank QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 898,41 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 100 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 001R********** saylı kredit razılaşması üzrə 6372,30 manat məbləğində kredit borcu, 1088,86 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, ümumilikdə 7561,16 manat məbləğində borc və 103,6 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Accessbank QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar