Məhkəmə qərarları › İş №e-2(004)-3765/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3765/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3765/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Nuriddin oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Nuriddin oğlunun cavabdehlər X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə qarşı “borcun olmaması və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nuriddin oğlu cavabdehlər X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə qarşı “borcun olmaması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Nuriddin oğlunun həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqəsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsinin, müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılmasının, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsinin cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit tarixçəsinə düzəlişlərin edilməsi, kredit tarixçəsində iddiaçının “Bank Technique” (Cavabdeh3) ASC qarşısında kredit (borc) öhdəliyinin olması barədə qeydlərin silinməsi, iddiaçının həmin bank qarşısında borcunun olmaması, sözügedən kredit müqaviləsi üzrə kreditor tərəfindən İddiaçı Nuriddin oğluna heç vaxt hər hansı borc məbləğinin verilməməsi barədə məlumatların daxil edilməsi, habelə iddiaçının fərdi kredit tarixçəsində həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin və digər bu kimi qeydlərin silinməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10487 saylı çıxarışda (Kredit hesabatının İD-si: ********) ona aid aktiv kreditlərin cəmi qalıq məbləği kimi 1596743,70 manat və 1 aktiv kredit göstərilmişdir. Həmçinin, Borcalanın aktiv öhdəlikləri qrafasında X1 “Bank Technique” (Cavabdeh3) ASC qarşısında 939261 ABŞ dolları əsas, 2600,10 ABŞ dolları faiz öhdəliyi göstərilmişdir. Tərəflər arasında həmin kredit müqaviləsi üzrə yaranmış məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin qüvvədə olan 2(102)-6689/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə onun həmin bank qarşısında heç bir kredit borcunun olmadığı müəyyən edilmişdir. Həmin Qərarda bankın İddiaçı Nuriddin oğluna qarşı qeyd olunan kredit müqaviləsi üzrə iddia tələbi rədd olunarkən məhkəmə kollegiyası qərarını həm də onunla əsaslandırmışdır ki, “digər tərəfdən mülki iş materialları ilə müəyyən olunur ki, bank 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən cavabdehə 1.094.261 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliyini icra edib qeyd olunan kredit məbləğini ümumiyyətlə cavabdehə verməmişdir. İddiaçı təşkilatın rəsmi məlumatından da görünür ki, bankda kredit məbləğinin cavabdehə verilməsini özündə ehtiva edən kassa məxaric orderlərinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yoxdur.” Cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə dair etiraz ərizəsi ilə məhkməyə müraciət edərək, qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli Kredit müqaviləsi üzrə İddiaçı illik 16 faiz ödəmək şərtilə, 12 ay müddətinə, 1.094.261 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə davamlı olaraq, təkcə 1.094.261 ABŞ dolları əsas borcdan 155000 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlinir ki, İddiaçı özü ödənişlər edərək öz borcunu hər bir halda qəbul etmişdir. Tərəfin etirafından daha üstün heç bir sübut mövcud deyildir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr müqavilə üzrə mübahisələrə baxan zaman, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. İddiaçı tərəfin president kimi istifadə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6689/2019 saylı qərarı hazırki münasibətlərə tətbiq oluna bilməz. Belə ki, həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında Bankın iddiasının rədd olunmasının səbəbi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsi olmuşdur. Hər üç məhkəmə qərarından da görünür ki, iddianın rədd olunmasının əsası İddiaçı borcunun olmaması deyildir. İddiaçı mübahisəli kredit müqaviləsinin mövcudluğu həmin qərarlarla araşdırılmamışdır. Əksinə İddiaçı iddia müddətinin tətbiqinə dair ərizə verərək faktiki olaraq öz borcunu etiraf etmişdir. Əgər belə bir kredit mövcud olmasaydı, İddiaçı davamlı olaraq ödənişlər etməzdi və kredit müqaviləsinin etibarsızlığını mübahisələndirərdi. Hər üç məhkəmə instansiyası mədaxil qəbzlərinin faktiki olaraq mövcud olmamasını əsas gətirərək 3 illik iddia müddətini tətbiq etmişdirlər. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. (Azərvaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il qərarı) Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Hal-hazırda İddiaçı Banka 939.261,00 ABŞ dolları əsas, 104.800,11 ABŞ dolları faiz olmaqla, cəmi 1.044.061,11 ABŞ dolları borcu mövcuddur. Bu borc məbləği mərkəzləşdirilmiş kredit reyestrində də öz əksini tapmışdır.m Yuxarıda qeyd edilənlərdən və qanunvericiliyin tələblərindən də görünür ki, iddia müddətinin tətbiqi Bankı öz borcunu tələb etmək öhdəliyindən azad etmir. Mübahisəli kredit müqaviləsi xx.xx.2012-ci il tarixində bağlanmışdır. 2012-ci ildə bağlanmış müqavilə əgər İddiaçı maraqlarına toxunsaydı, o, bu illər ərzində həmin müqavilənin etibarsızlığını mübahisələndirərdi və kredit üzrə ödənişlər həyata keçirməzdi. İddia müddətinin tətbiqi üçün də Bankın ona qarşı iddia irəli sürməsini gözləməzdi. Bundan başqa, İddiaçı xx.xx.2004-xx.xx.2012-ci illərdə Cavabdeh3 ASC-nin İdarə Heyətinin sədri olmuşdur və o, təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ona və qeyrilərinə qarşı başlanılmış cinayət işində Bank mülki iddiaçı qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014cü il tarixli 1(103)-71/2014 saylı qərarına əsasən - İddiaçı və qeyrilərinin qanunsuz əməlləri nəticəsində Banka 4.169.654.66 manat ziyan dəydiyi sübut edilmişdir. Göstərilənlərdən və qanunvericiliyin tələblərindən də məlum olur ki, iddia müddətinin keçməsi Borclunun borcunun silinməsi anlamına gəlmir. Məhkəmə iclasında İddiaçı Nuriddin oğlunun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 MMC nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Azərbaycan Kredit Bürosu” MMC tərəfindən verilmiş SF- 10487 nömrəli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı Nuriddin oğlunun 939261 ABŞ dolları əsas, 2600,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 941861 ABŞ dolları məbləğində aktiv krediti mövcuddur. Həmçinin görünür ki, qeyd olunan borc xx.xx.2012-ci il tarixdə verilmiş kredit əsasında yaranmışdır. Kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi xx.xx.2013-cü il, faizlərin gecikdirildiyi günlərin sayı 1586 gün qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Nuriddin oğlu ilə Cavabdeh3 ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalan İddiaçı Nuriddin oğluna 1.094.261 ABŞ dolları məbləğində kredit verməyi, borcalan müqaviləyə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6689/2019 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2(005)- 444/2018 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh3 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borca görə 939.261 ABŞ dolları, faiz borcuna görə 104.800,11 ABŞ dolları olmaqla, cəmi 1 044.061,11 ABŞ dolları kredit borcunun tutulması” barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)- 5042/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qərarı ilə iddiaçı X1 "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-5042/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən müəyyən edilmişdir ki, bank 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən cavabdehə 1.094.261 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliyini icra edib qeyd olunan kredit məbləğini ümumiyyətlə cavabdehə verməmişdir. İddiaçı təşkilatın rəsmi məlumatından da görünür ki, bankda kredit məbləğinin cavabdehə verilməsini özündə ehtiva edən kassa məxaric orderlərinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yoxdur. Cavabdehin nümayəndəsi də izahatında qeyd olunan faktı təsdiq etmişdir. Göründüyü kimi, Cavabdeh3 ASC tərəfindən kredit müqaviləsi üzrə kredit məbləğini ümumiyyətlə İddiaçı Nuriddin oğluna verməməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdir. Odur ki, müvafiq qərar məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir və bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə borcun verilməməsi işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılsa da, bank tərəfindən kredit müqaviləsi üzrə kredit məbləği iddiaçıya verilmədiyindən, onun X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında icra edilməmiş öhdəliyi də mövcud deyildir. Belə olan halda, iddiaçının adına kredit sistemində borcunun və kreditin ödənilməsi ilə bağlı gecikmə günlərinin göstərilməsi onun hüquqlarını pozur və gələcəkdə hər hansı bankdan kredit götürməsinə maneçilik yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (‘Texnikabank”) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Nuriddin oğlunun həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqəsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsi və müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılması, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (‘Texnikabank”) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Nuriddin oğlunun həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqəsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsi və müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılması, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar