Məhkəmə qərarları › İş №e-2(004)-3776/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3776/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3776/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 280377 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması, tələbin yenidənqurma işlərinin aparıldığı ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki tələbin əsasını xx.xx.2023-cü il tarixli icarə müqaviləsi və həmin müqavilənin ləğv edilməsindən sonra müqavilənin 8-ci bəndinin tələbindən irəli gələn tələb hüquqları təşkil edir. Ötürülən tələb hüquqlarının faktiki olaraq ilk qanuni sahibləri olan X2 və X1 xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhər, Musabəyov adlandırılan parkın ərazisində olan (Babil, hazırki Kafe Park) restoranında yenidənqurma işlərinin aparılmasına ümumilikdə 280377 manat məbləğində sərmayə qoyduqlarını rəsmi sənədlər və faktlarla yeni hüquq sahibinə təqdim etmiş, notarial qaydada müqavilə bağlanılmışdır. Həmin xərclərə daxil olan yenidənqurma işlərinin dəyərinin bir hissəsi mülkiyyətçi tərəfindən tələbkar şəxslərə ödənilsə də, bizə olan xərclərin qarşılanması uzadılır. Bildirilir ki, yenidənqurma işlərinin dəyərindən mülkiyyətçi tərəfindən tələbkar şəxslərə ödənilmiş borcları təsdiq edici sənədlər təqdim edildiyi təqdirdə tələblərindən çıxara bilərlər. Onlara ödənilməli olan xərclərin qeyri müəyyənliyi gələcəkdə tələb hüquqlarının ötürülməsi təhlükəsi qarşısında qoyur. İddia tələbi Haqq,ədalət, rəsmi müqavilələr, şahid ifadələri, foto, video görüntülər və digər faktlarla təsdiq edilir. Məhkəmə mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** VÖEN nömrəsi verilmişdir. Belə olan halda, iş üzrə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından, məhkəmə hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Hazırki iş üzrə iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasındadır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehdən Bakı şəhər, Musabəyov adlandırılan parkın ərazisində olan Babil, hazırki Kafe Park restoranında yenidənqurma işlərinin aparılmasına sərf olunmuş 280377 manat məbləğində pulu və tələbin yenidənqurma işlərinin aparıldığı ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş əmlaka yönəldilməsini tələb edir. Göründüyü kimi, mübahisə iddiaçının məhz sahibkarlıq fəaliyyətini həyata keçirməsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddiaçı hazırkı ərizəsini aiddiyyət qaydalarının pozulması ilə verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 570,14 (beş yüz yetmiş manat on dörd qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 35.2, 151.1, 152, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 570,14 (beş yüz yetmiş manat on dörd qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar