Məhkəmə qərarları › İş №e-2(004)-38/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-38/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-38/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirak ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi LPO İddiaçı ASC 29.10.2018-ci il tarixdə borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 1914 (bir min doqquz yüz on dörd) ABŞ dolları ödənilməmiş əsas borcun, 2258 (iki min iki yüz əlli səkkiz) ABŞ dolları ödənilməmiş faiz borcunun alınaraq ərizəçinin xeyinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. 29.10.2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən 4172 manat borc üzrə tutulmalı məbləğ və 20 manat ödənilmiş dövlət rüsumunun borclulardan alınaraq ərizəçiyə ödənilməsi barədə məhkəmə əmri qəbul olunmuşdur. 18.11.2020-ci il tarixdə iş üzrə borclular Cavabdeh2 və Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(004)-8791/2018 saylı məhkəmə əmrinin ləğv olunmasını, həmin əmrdən verilmiş etirazı təmin edərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1319,89 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.10.2016-cı il tarixinə 1334,78 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 281,52 ABŞ dolları faiz borcunun, müqavilə üzrə gecikdirildiyinə görə hesablanmış 1029,39 ABŞ dolları cərimə borcunun, cəmi 3965,58 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, məhkəmə əmrinə əsasən əvvəlcə cavabdehlərdən ödənilmiş faiz borcu olaraq 2258 ABŞ dolları məbləğində pul tutulmuşdur. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşməsinə dair ərizəyə əsas borca illik 5% hesablanmış faiz borcunu da əlavə etmişdir. Əsas borcdan ödənilməmiş 1319,89 ABŞ dolları pul qalıb. Ümumilikdə cavabdehlərin borcu 3965,58 ABŞ dolları təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 15 aprel 2015-ci il tarixli İKM01 nömrəli İstehlak Kredit Müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC 2000 ABŞ dolları məbləğində krediti 18 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə Cavabdeh2 verməyi öz öhdəsinə götürür. İş materiallarında olan 15.04.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh2 15.05.2015-ci il tarixdən başlayaraq 2000 ABŞ dolları pulu 18 ay müddətinə, illik faiz dərəcəsi 29% olmaq şərti ilə, sonuncu ay 138,36 ABŞ dolları olmaqla hər ay 138,34 ABŞ dolları məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 15 aprel 2015-ci il tarixli zəmanət müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 27.02.2018ci il tarixli, 27.10.2017-ci tarixli, 10.04.2017-ci il tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən olunur ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 30 aprel 2021-ci il tarixli, 09/1654 nömrəli ekspert rəyinə əsasən görünür ki, 15.04.2015-ci il tarixdən 15.10.2016-cı il tarixədək tələb edilən banka olan əsas borc 1913,10 ABŞ dolları, faiz borcu 785,97 ABŞ dolları, müqavilə müddətindən sonra 02.02.2021-ci il tarixli **********112 nömrəli maliyyə arayışı müddətinə tələb edilən əsas borc 1319,89 ABŞ dolları, faiz borcu 1144,04 ABŞ dolları olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış 15.04.2015-ci il tarixli, İKM 01 nömrəli İstehlak Kredit Müqaviləsinə əsasən hesabdan çıxarış məlumatlarından görünür ki, bank tərəfindən fərmanla bağlı 593,21 ABŞ dolları məbləğində daxil olma bank tərəfindən borclunun əsasə borc məbləğindən silinməsi müəyyənləşdirilmişdir. 02 fevral 2021-ci il tarixli **********112 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh2 26 yanvar 2021-ci il tarixə 1319,89 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1334,78 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% olmaqla hesablanmış 281,52 ABŞ dolları borc olmaqla, ümumilikdə 3965,58 ABŞ dolları borc yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, 1319,89 (min üç yüz on doqquz dollar, səksən doqquz sent) ABŞ dolları əsas və ekspert rəyinə müvafiq olaraq müqavilə müddətinin bitdiyi günə olan 785,97 (yeddi yüz səksən beş dollar, doxsan yeddi sent) ABŞ dolları faiz borcu, həmçinin iddia tələbinə uyğun olaraq müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 281,52 (iki yüz səksən bir dollar əlli iki sent) ABŞ dolları, 50 (əlli) ABŞ dolları cərimə borcu, cəmi 2437, 38 (iki min dörd yüz otuz yeddi dollar, otuz səkkiz sent) ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və 20 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyinə əsasən əsas borcun 1319,89 ABŞ dolları olması təsdiq olunsa da, 15.10.2016-cı il tarixə olan faiz borcu 785,97 ABŞ dolları müəyyən edilmişdir. Hesablanmış cərimənin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından cərimə azaldılmalı, 50 ABŞ dolları məbləğində cərimə borcu Cavabdeh2 tutulmalıdır. Həmçinin, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 281,52 ABŞ dolları da Cavabdeh2 tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 15.04.2015-ci il tarixli zaminlik müqaviləsinin təmin etdiyi öhdəliyin icra müddəti 15.10.2016-cı il tarixdə bitdiyindən və iddiaçı bir il müddətində zaminə qarşı iddia tələbi irəli sürmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia əmr icraatı qaydasında verildiyindən 20 manat dövlət rüsumu ödənilmişdir. Lakin, sonradan cavabdehlərin ərizəsinə uyğun olaraq iddia icraatına keçirilmiş və iddia məbləği 500 manatdan yuxarı olduğu üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 10 manat ödənilməmiş hissəsi Cavabdeh2 tutularaq dövlət hesabına keçirilməlidir. İddia tələbi qismən təmin edildiyi üçün məhkəmə ekspertizasının keçirilməsi üçün çəkilmiş ekspert xərcləri Cavabdeh2 tutulmalıdır. Mülki Məcəllənin 442.-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1319,89 (min üç yüz on doqquz dollar, səksən doqquz sent) ABŞ dolları əsas, 785,97 (yeddi yüz səksən beş dollar, doxsan yeddi sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 281,52 (iki yüz səksən bir dollar əlli iki sent) ABŞ dolları, 50 (əlli) ABŞ dolları cərimə borcu cəmi 2437, 38 (iki min dörd yüz otuz yeddi dollar, otuz səkkiz sent) ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və 20 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Ödənilməmiş 10 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət hesabına keçirilsin. İş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar