Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3808/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Expressbank" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5538.35 manat məbləğində əsas borc və 603.06 manat faiz borcu olmaqla, cəmi 6141.41 manat (altı min bir yüz qırx bir manat 41 qəpik) borc və 81.82 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28 sentyabr 2023 il tariхli, 103808-570533/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 6060 (Altı min altmış (.00)) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 01 iyul 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5538.35 manat məbləğində əsas borc və 603.06 manat faiz borcu olmaqla, cəmi 6141.41 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı məhkəməyə ərizə verərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında göstərdi ki, borcunu etiraf edir. Vətən müharibəsi qazisi olduğu üçün dövlətdən pensiya alırdı. Pensiyasını kəsdiklərindən banka ödənişlərini dayandırmalı oldu. Bununla bağlı İnzibati Məhkəməyə müraciət edərək iddia qaldırıbdır. Odur ki, pensiyası bərpa edilən kimi banka borcunu ödəyəcəkdir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, mülki işin materiallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olub təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28 sentyabr 2023 il tariхli, 103808-570533/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 6060 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Expressbank" ASCyə 5538.35 manat məbləğində əsas borc və 603.06 manat faiz borcu olmaqla, cəmi 6141.41 manat borcu var. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan və xx.xx.2024-cü il tarixli qaimənin surətindən görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik, hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 6060 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, AR Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır; Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin pulunun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 5538.35 (beş min beş yüz otuz səkkiz manat otuz beş qəpik) manat məbləğində əsas bоrc və 603.06 (altı yüz üç manat, altı qəpik) manat faiz borcu оlmaqla, cəmi 6141.41 (altı min yüz qırx bir manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu kimi ödədiyi 81.82 manat (səksən bir manat səksən iki qəpik) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5538.35 manat (beş min beş yüz otuz səkkiz manat otuz beş qəpik) məbləğində əsas bоrc və 603.06 manat (altı yüz üç manat, altı qəpik) faiz borcu оlmaqla, cəmi 6141.41 manat (altı min yüz qırx bir manat qırx bir qəpik) borc və ödənilmiş 81.82 manat (səksən bir manat səksən iki qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3808/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3808/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver