Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-383/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi; cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 2021/000832 nömrəli İstehlak kredit müqaviləsinə əsasən əsassız hesablanmış 25.186,25 manat məbləğində borcun ləğv edilməsi; iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 166 manat dövlət rüsumunun cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq iddiaçının xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli 2021/000832 nömrəli İstehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən iddiaçıya illik 30 faiz 24 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin öhdəliyin təminatı olaraq iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı 71 nömrəli mənzil xx.xx.2021- ci il tarixli 2019/00581 nömrəli Sonrakı İpoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərəfindən 21.817 manat məbləğində pul ödənilmiş, sonradan bank qarşısında götürdüy öhdəliyi yerinə yetirməkdə çətinlik çəkmişdir. Bundan istifadə edən cavabdeh əsassız olaraq borc məbləğini şişirdərək icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət etmiş və Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 8i-3427 saylı icra qeydi verilmişdir. Cavabdehin notariat ofisinə təqdim etdiyi maliyyə arayışından görünür ki, onun guya xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə ümumi 51.689,73 manat məbləğində borcu olmuş, bu məbləğin 30.533,61 manatı əsas, 6.036,12 manatı faiz və 15.120 manatı dəbbə pulu olmuşdur. Hesab edir ki,cavabdeh tərəfindən hesablanmış borc məbləği həqiqəti əks etdirmir və onun tərəfindən əsassız varlanmaya əsas yaratmışdır. Belə ki, iddia ərizəsinə təqdim etdiyi ödəniş qrafikindən görünür ki, aralarında bağlanmış kredit müqaviləsinə əsasən aylıq ödənişi 2.236,53 manat olmuşdur. Tərəfindən 10 ödəniş edilmiş və həmin ödənişlərə əsasən onun hesablamalarına görə əsas borc üzrə 22.102 manat, faiz borcu olaraq 4401,48 manatdır. Dəbbə puluna gəldikdə isə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən həmin məbləğ ümumiyyətlə absurd qaydada hesablanmış və müqavilədə nəzərdə tutulmuş qaydaya uyğun gəlmir. Belə ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 3.1-ci bəndindən görünür ki, borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0.1% qədər (yəni 40 manat) dəbbə pulu ödəyir. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş günündən sonrakı ilk gündən hesablanmağa başlanır. Qeyd edilən bəndin tələbinə əsasən sadə riyazi hesablama ilə hesablasaq BOKT-un müəyyən etdiyi dəbbə pulu 387 günü əhatə edir ki, bu da bir ildən uzun bir müddətdir. Məhkəmənin bir daha nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2022-ci il tarixədək ödənişlər mütəmadi olaraq həyata keçirildiyi halda xx.xx.2022-ci il tarixə 387 gün dəbbənin hesablanması nəinki ağlabatan deyil, hətta BOKT tərəfindən onsuz da əlverişsiz şərtlərlə bağlanmış müqavilə üzrə əlavə yüklənməyinə səbəb olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, BOKT tərəfindən əsassız olaraq hesablanmış 25.186,25 manat məbləğində borc silinməlidir. Göründüyü kimi mülki qanunvericilyin qeyd olunan normaları baxımından, cavabdeh tərəfindən müqavilənin şərtlərinə zidd şişirdilmiş borcun hesablanaraq tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydində göstərilən borcun 25.186.25 manat məbləğində olan hissəsinin silinməsini tələb edir. Lakin iddia tələbi qeyri-müəyyəndir, çünki həmin məbləğin əsas borcdan, yoxsa faizdən ibarət olduğu göstərilməmişdir. Həmçinin, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının 02 iyul 2025-ci il tarixli, 3-16-16/2-9/1784/2025 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 30.848.68 manat, faiz borcu üzrə 2.141.20 manat; xx.xx.2022-ci il tarixə isə əsas borc üzrə yenə 30.848.68 manat, faiz borcu üzrə isə 2.861.00 manat məbləğində borc müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixinə olan borcu ekspertiza yolu ilə aydın şəkildə müəyyən edilmiş və hər hansı “əsassız” hesablamadan söhbət gedə bilməz. İddiaçı öz tələbinin hüquqi və iqtisadi əsasını göstərmədən, konkret borcun hansı hissəsinin (əsas, yoxsa faiz) və nə səbəbdən silinməli olduğunu izah etmədən ümumi şəkildə 25.186.25 manatın silinməsini tələb edir. Hər hansı konkret hüquqi arqument və ya borcun əsassız hesablandığını sübut edən sənəd təqdim olunmamışdır. Ekspertiza rəyində də göstərildiyi kimi, borcun məbləği və hesablanma prinsipi tamamilə əsaslı və dəqiqdir. Əlavə olaraq onu da qeyd etməlidirlər ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2207/2025 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən ödənilmiş 166 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbi yalnız iddia təmin olunduğu halda qanuni ola bilər. Hal-hazırda iddianın hüquqi və iqtisadi əsaslardan məhrum olması bu tələbin də rədd edilməsini zəruri edir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı “əsassız borcun silinməsi” və “dövlət rüsumunun cavabdehdən tutulması” ilə bağlı irəli sürdüyü iddia əsassız, hüquqi cəhətdən qeyri-müəyyən və sübutlarla təsdiqlənməmiş hesab edilməli və tam şəkildə rədd olunmalıdır. Məhkəmə iclasında iştirakı edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 2021/000832 nömrəli istehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən İddiaçı illik 30 faiz hesablanmaqla 24 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.9-cu bəndinə əsasən borc alan borc verənə müqavilə məbləğinin 11% həcmində birdəfəlik komisyon haqqı ödəyir. Komisyon haqqı kredit verilərkən ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% qədər dəbbə pulu ödəyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri mədaxil olunmuş vəsaitlər barədə hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 2240 manat, xx.xx.2021-ci il tarixdə 2240 manat, xx.xx.2021-ci il tarixdə 2237 manat, xx.xx.2021-ci il tarixdə 2240 manat, xx.xx.2021-ci il tarixdə 2240 manat, xx.xx.2021-ci il tarixdə 2240 manat, xx.xx.2021-ci il tarixdə 2240 manat (740 və 1500 manat), xx.xx.2021-ci il tarixdə 2240 manat, xx.xx.2022-ci il tarixdə 3900 manat olmaqla, cəmi 21.817 manat ödəniş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 1549 nömrəli, 05 aprel 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-cu il tarixli 2021/00832 nömrəli kredit müqaviləsinə əsasən ona BOKT tərəfindən şəxsi məqsədlər üçün illik 30 (otuz) faiz olmaqla 24 (iyirimi dörd) ay müddətinə 40.000 (qırx min manat) məbləğində kredit verilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi onun tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İpoteka haqqında Qanunun 34.1.1-ci maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır və BOKT-un müraciəti əsasında xx.xx.2022-ci tarixində 40 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən öhdəliyi müəyyən edilmiş, ödənilməmiş 51.689.73 (əlli bir min altı yüz səksən doqquz manat, 73 qəpik) məbləğində təşkil edən borcun əmlaka tutma yönəldilməsi ücün Reyestrdə 8İ-3427 № ilə qeyd edilmiş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdır. Onun xx.xx.2023-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, BOKT-un kredit komitəsi ərizədə qeyd etdiyi 5000 (beş min) manat məbləğ ödənildikdən sonra qalan öhdəliyinin yenidən 3 (üç) il müddətinə kapitalizasiya edilməsi haqqında qərar vermişdir. Baki şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-692/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı 8i-3427 reyestr nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4397/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 692/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-328/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4397/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2207/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-692/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Şəhla Hüseynova tərəfindən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 2021/00832 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməyən 30.533,61 manat əsas, 6.036,12 manat faiz borcu, 15.120 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 51.689,73 manat təşkil edir) barədə xx.xx.2022-ci il tarixində icra qeydinin ləğv edilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumunun İddiaçı xeyrinə cavabdeh "xxxx" BOKT MMC-dən tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1784 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01,03.2021-ci il tarixli 2021/00832 saylı kredit müqaviləsi üzrə: xx.xx.2022-ci il tarixə (1-ci sualda soruşulan tarixə) və xx.xx.2022-ci il tarixə (2-ci sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (1-ci sualda soruşulan tarixə) əsas borc üzrə 30.848,68 manat; faiz borcu üzrə 2.141,20 manat. xx.xx.2022-ci il tarixə (2-ci sualda soruşulan tarixə) əsas borc üzrə 30.848,68 manat, faiz bocy üzrı 2.861,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinə əsasən, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 2021/000832 nömrəli İstehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən iddiaçıya illik 30 faiz 24 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin öhdəliyin təminatı olaraq iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı 71 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 2019/00581 nömrəli Sonrakı İpoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək borcundan 21.817 manat pul ödəmişdir. "xxxx" BOKT MMC xx.xx.2022-ci il tarixli, 627 nömrəli bildirişlə İddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu göstərməklə öhdəliklərin icra edilmədiyi təqdirdə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacağı barədə xəbərdar etmişdir. Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Şəhla Hüseynova tərəfindən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 2021/00832 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməyən 30.533,61 manat əsas, 6.036,12 manat faiz borcu, 15.120 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 51.689,73 manat təşkil edir) barədə xx.xx.2022ci il tarixində icra qeydi verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc məbləği düzgün aparılmamış və nəticədə cavabdeh əsassız olaraq varlanmış və iddiaçı aralarında bağlanmış müqavilə üzrə əlverişsiz vəziyyətə düşmüşdür. Hazırda iddiaçı əsassız olaraq artıq hesablanmış 25.186,25 manat borcun silinməsini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1784 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, iddiaçının kredit müqaviləsi üzrə əsas borcu 30.848,68 manat, faiz borcu cavabdeh tərəfindən bildirişin verildiyi xx.xx.2022-ci il tarixə 2.141,20 manat, icra qeydinin verildiyi xx.xx.2022-ci il tarixə 2.861,00 manat olmuşdur. Göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə əsas borc üzrə 12.665 manat, faiz borcu üzrə 9151 manat ödəniş etmişdir. İddiaçı isə iddia edir ki, o, əsas borc üzrə 22.102 manat, faiz borcu üzrə 4401,48 manat ödəniş etmişdir. Beləliklə, iddiaçı iddiasının əsaslığını, yəni cavabdeh tərəfindən borc məbləğinin əsassız olaraq artıq hesablandığını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunveciliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2207/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 692/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Şəhla Hüseynova tərəfindən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 2021/00832 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməyən 30.533,61 manat əsas, 6.036,12 manat faiz borcu, 15.120 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 51.689,73 manat təşkil edir) barədə xx.xx.2022-ci il tarixində icra qeydinin ləğv edilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumunun İddiaçı xeyrinə cavabdeh "xxxx" BOKT MMC-dən tutulması qət edilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi ilə ləğv edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, “...Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).” Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən, İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə xərcləri ilə məsələyə münasibətdə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-383/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-383/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver