Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-384/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi iddiaçı - ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdeh - Cavabdeh iştirakları ilə, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə 716,19 manat əsas, 665,64 manat faiz borcu, 1838,06 manat cərimə borcu, 210,30 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3430,19 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirir ki, bankla Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 31 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1.000 (bir min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 716,19 manat əsas, 665,64 manat faiz, 1838,06 manat cərimə borcu, 210,30 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 3430,19 manat məbləğində borcu qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, borcu qəbul edir, lakin faiz məbləği ilə razı deyil. Qalıq borc məbləğini aylara bölünməklə hissə-hissə ödəyə bilər. Suala cavab olaraq bildirir ki, əvvəlki məhkəmə iclaslarından məlumatı olmuşdur. Əlavə olaraq heç bir ərizəsi və ya vəsatəti yoxdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün illik 31 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO "xxxx" KB QSC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 716,19 manat əsas, 665,64 manat faiz borcu, 1838,06 manat cərimə borcu, 210,30 manat gecikmə faizi, ümumilikdə isə 3430,19 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibət yaranmışdır. İddiaçı LPO "xxxx" KB QSC öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Bu halda iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissədə təmin edilməməlidir. Belə ki, maliyyə arayışından görünür ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır. Gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış 1838,06 manat cərimə tələb etmişdir. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da, o, iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunu tələb edə bilməz. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə 716,19 manat əsas borc, 665,64 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1431,83 (bir min dörd yüz otuz bir manat səksən üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,31 manat məbləğində pul iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110687/15 saylı kredit müqaviləsi üzrə 716,19 manat əsas borc, 665,64 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1431,83 (bir min dörd yüz otuz bir manat səksən üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,31 (otuz dörd manat otuz bir qəpik) manat məbləğində pul tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-384/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-384/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver