Məhkəmə qərarları › İş №e-2(004)-385/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-385/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-385/2024 26.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10000 AZN əsas; 1731,86 AZN faiz; cəmi 11731,86 AZN pul vəsaitinin və 125,20 AZN dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 25 və məbləği 10000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq olaraq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 10000 AZN əsas; 1731,86 AZN faiz; cəmi 11731,86 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirilmişdir ki, Cavabdeh ilə bank arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 25 və məbləği 10000 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Cavabdeh kartda olan vəsaitdən istifadə etmişdir. Bununla bağlı bank kart hesabından, cari hesabdan və sistemdən olan çıxarışları da məhkəməyə təqdim etmişdir. Hesabdan dövr üzrə 74 000 min manat məxaric, 64 000 min manat mədaxil və beləcə, 10 000 min manat fərq olmuşdur. Buradan da cavabdehin iddiaçıya olan borcunu müəyyənləşdirmək olar. Cavabdehə verilən kartın balansında 10000 manat olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onunla 5000 min manat məbləğində müqavilə bağlanmışdır və onun xəbəri olmadan kredit limitini 10000 min manata kimi qaldırılmışdır. Pul onun kartından dələduzluq yolu ilə başqa hesaba köçürülmüşdür. Banka müraciət edən zaman ona bildirmişlər ki, ola bilər ki, pul qayıtsın. Növbəti gün bankla əlaqə saxladıqda ona həmin məbləğin “m10” hesabına köçürüldüyünü və “m10”nun da Paşabanka aid olduğu üçün heç bir heç edə bilməyəcələrini bildirmişlər. Banka və polis orqanına həmin məbləğin dondurulmasını xahiş etsə də, bunu etmədilər. Bu səbəbdən pul başqa hesaba köçürülmüşdür. Burada bankın səhlənkarlığı və təhlükəsizlik sisteminin zəifliyini məhkəmənin nəzərinə çatdırılmasını, bu halın yaranmasında bankında günahının olmasını bildirmişdir. Hal-hazırda həmin məbləği ödəmək imkanı yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. xx.xx.2022-ci il tarixli BBLK4641991A299 saylı (hesab kart, kredit üzrə) Kredit müqaviləsindən görünür ki, bank müştəriyə “birkart” ödəmiş kartı verir, həmin kartla bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır və xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müştəri tərəfindən kredi xəttindən ilkin olaraq istifadə ediləcək məbləğ bank tərəfindən 10 000 manat müəyyən olunur. 4.3-cü bəndinə əsasən, kredit xəttindən son istifadə tarixi xx.xx.2024-cü il, 4.5-ci bəndinə əsasən, kredit xəttinin illik faiz dərəcəsi 25 %-dir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehn arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixinə 10000 (on min) manat əsas borc, 1731,86 (min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11731,86 (on bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 08 dekabr 2023-cü il tarixinə hesabdan çıxarış məlumatlarından görünür ki, dövr üzrə məxaric olunan məbləğ 74911,93 manat, dövr üzrə mədaxil olunan məbləğ 64911,93 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 25 iyul 2023-cü il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 10526,19 manat məbləğində ümumi borc, gecikmə günü 37 gün olmaqla 1114,07 manat gecikmə yaranmışdır. İş materialında olan 28 dekabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, həmin vəsait 055 ******* nömrəli “m10” hesabına köçürülmüşdür. Həmin tarixdə bu hesabdan isə müəyyən hissələrə bölünməklə, 050 349 71 91, 051 302 37 05 və 055 869 04 02 nömrəli “m10” hesablarına köçürülmüşdür. Həmin “m10” istifadəçiləri “m10” tətbiqi üzərindən müştəri uyğunluğu tədbirlərindən keçmədiyi üçün bu istifadəçilərin anket məlumatları "xxxx" MMC-də mövcud deyil. İş materialında olan 14 iyul 2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,49 (otuz manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 94,71 (doxsan dörd manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASCdən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci ilci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı kredit müqaviləsi ilə götürülmüş krediti və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan İddiaçı ASC-nin iddia tələbi əsaslıdır. Məhkəmə cavabdehin iddiaya etirazı ilə bağlı qeyd edir ki, 7700 manat məbləğində pulun cavabdehə məxsus kart hesabından digər hesaba köçürülməsi ilə bağlı fakta əsasən cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Lakin sözügedən hal cavabdehin bank qarşısında müqavilə üzrə götürdüyü öhdəliyinin icrasından azad edilməsi üçün əsas ola bilməz. Cavabdeh cinayət təqibinin nəticəsindən asılı olaraq həmin pul məbləğinin tutulması ilə bağlı iddia qaldıra bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10000 (on min) manat əsas borc, 1731,86 (min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11731,86 (on bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat pul tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, İddiaçı ASC tərəfindən ödənilmiş 125,20 (yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsi üzrə 10000 (on min) manat əsas borc, 1731,86 (min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11731,86 (on bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,20 (yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar