Məhkəmə qərarları › İş №e-2(004)-3851/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3851/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3851/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5” Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5” Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 4510,77 (dörd min beş yüz on manat yetmiş yeddi qəpik) manat əsas, 302,39 (üç yüz iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4813,16 (dörd min səkkiz yüz on üç manat on altı qəpik) manat pulun və ödənilmiş 68,13 (altmış səkkiz manat on üç qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X5” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsinin təminatı kimi “X5” Bakı Filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 1137 nömrəli, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 1136 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin, sözügedən müqavilələr üzrə cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Zamin qismində iştirak edən Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə əsas əsas borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. Lakin, zaminlər də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, “X5” Bakı Filialı tərəfindən Cavabdeh1 illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1137 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, “X5” Bakı Filialı ilə Cavabdeh2 arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmiş, əsas müqavilə üzrə öhdəliyin təminatı tədbiri qismində zamin qismində Cavabdeh2 məsuliyyəti üzərinə götürmüşdür. Müqavilə üzrə zamin əsas borclu ilə bərabər məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1136 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, “X5” Bakı Filialı ilə Cavabdeh3 arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmiş, əsas müqavilə üzrə öhdəliyin təminatı tədbiri qismində zamin qismində Cavabdeh3 məsuliyyəti üzərinə götürmüşdür. Müqavilə üzrə zamin əsas borclu ilə bərabər məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsinə əsasən 4510,77 (dörd min beş yüz on manat yetmiş yeddi qəpik) manat əsas, 302,39 (üç yüz iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4813,16 (dörd min səkkiz yüz on üç manat on altı qəpik) manat borcu vardır. İş materiallarında olan “X5” Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 “Borcverən” “X5” Bakı Filialının qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zaminlər isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X5” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 1021 nömrəli kredit müqaviləsinin təminatı kimi “X5” Bakı Filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 1137 nömrəli, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 1136 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin, sözügedən müqavilələr üzrə cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Zamin qismində iştirak edən Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə subsidiar məsuliyyət deyil, əsas borclu Cavabdeh1 ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Lakin, zaminlər də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 68,13 (altmış səkkiz manat on üç qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4510,77 (dörd min beş yüz on manat yetmiş yeddi qəpik) manat əsas, 302,39 (üç yüz iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4813,16 (dörd min səkkiz yüz on üç manat on altı qəpik) manat pul və ödənilmiş 68,13 (altmış səkkiz manat on üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X5” Bakı Filialının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X5” Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4510,77 (dörd min beş yüz on manat yetmiş yeddi qəpik) manat əsas, 302,39 (üç yüz iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 4813,16 (dörd min səkkiz yüz on üç manat on altı qəpik) manat pul və ödənilmiş 68,13 (altmış səkkiz manat on üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X5” Bakı Filialının xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar