Məhkəmə qərarları › İş №e-2(004)-3853/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3853/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3853/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə yaranmış 13.347,88 manat əsas borc, hesablanmış 1.112,44 manat faiz borcu, 53,92 manat dəbbə pulu olmaqla, cəmi 14.514,24 manat borcun və ödənilmiş 133,54 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının Cavabdeh tutularaq Bank "BTB” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək, iddianı müdafiə etdiyini, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, hazırlıq iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, o, fərdi sahibkardır və VÖEN ********** nömrəsi vardır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən biznes fəaliyyətini həyata keçirmək məqsədilə Bank "xxxx" ASC-dən 48 ay müddətinə illik 24 %-lə 13.500 manat borc almışdır. Həmin borcu kuryer fəaliyyəti üçün lazım olan motosikletləri almaqla, poçtun və banderolların götürülməsi, daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Lakin atasında onkoloji xəstəlik aşkar olunduğuna görə borcunu vaxtında ödəyə bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki, “AZEMİS” və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları, həmçinin şahadətnamə ilə təsdiq edilir ki, iddiaçı Bank "BTB” ASC (VÖEN **********, FİN 24E9G93) hüquqi şəxs kimi - AZ1025, ünvan 1 ünvanda xx.xx.2010-cu il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Cavabdeh (VÖEN **********, FİN xxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (özəl firmalar tərəfindən poçtun və banderolların götürülməsi, daşınması və çatdırılması) - AZ1138, ünvan 2 ünvan üzrə xx.xx.2011-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Yaranmış mübahisə hüquqi şəxslə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Kredit müqaviləsindən də göründüyü kimi, borc məhz fərdi sahibkar kimi fəaliyyət göstərən (VÖEN **********) Cavabdeh “biznes təyinatlı əsas vəsait” kimi verilmişdir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, kommersiya mübahisəsi kimi mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar