Məhkəmə qərarları › İş №e-2(004)-3875/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3875/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3875/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin müqaviləsi üzrə borc” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kreditin müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7092.41 manat məbləğində əsas borc və 1362.46 manat faiz borcu olmaqla, cəmi 8454.87 manat borcun və 104.95 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 103804-415914/5 saylı kredit müqaviləsinə əsasən borcluya bank tərəfindən 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır. Belə ki, bank sistemində çalışan həyat yoldaşı səhhəti ilə bağlı öz ərizəsi ilə işdən çıxdığına görə onun tərəfindən alınmış ipoteka kreditinin də ödənişini etmək məcburiyyətindədir. Ailənin yeganə yaşayış mənzili üçün ipoteka ödənişi yoldaşı tərəfindən həyata keçirilirdi. Hazırda onun müalicəsinə də müəyyən vəsait tələb olunur. İki azyaşlı övladları var, orta məktəbdə oxuyurlar. Aylıq qazancı ipoteka kreditinin ödənişinə və ailənin dolanışıq xərclərinə gedir, çox çətin maddi vəziyyətdir. 2023-cü ilin fevral ayından ödənişlə bağlı çətinliyi yaranmışdır. Hal-hazırda maddi imkanı yoxdur. Bu səbəbdən, ödənişi yalnız hissə-hissə edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq etibarnamə üzrə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən nümayəndənin iştirakının məhkəmə iclasında təmin oluna bilməyəcəyini qeyd etmiş, məhkəmədən onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 103804- 415914/5 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə illik 19% olmaqla, 16000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti, hesablanmış faizləri, komisiya haqqı ilə birlikdə qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, sonuncu ay 586.37 manat, hər ay isə 586.50 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh 16000 manat məbləğində pulu bankdan almışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2023-cü il tarixinə banka 7092.41 manat əsas və 1362.46 manat faiz borcu olmaqla, cəmi 8454.87 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, 25834 saylı qəbzdən görünür ki, Cavabdeh 50 manat pulu kredit ödənişi üzrə İddiaçı ASC-yə ödəmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, 103804-415914/5 saylı kredit müqaviləsi üzrə 7092,41 manat əsas borc, 1312,46 manat faiz borcu olmaqla, cəmi 8404,87 manat borc və 104.95 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, 16000 manat krediti cavabdehə vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə məhkəmə prosesinin gedişində Cavabdeh banka olan borcundan 50 manat məbləğində ödəniş icra etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməli və faiz borcundan ödənilmiş məbləğ, yəni 50 manat pul çıxılaraq 1312,46 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 104.95 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7092,41 (yeddi min doxsan iki manat qırx bir qəpik) manat əsas, 1312,46 (bir min üç yüz on iki manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 8404,87 (səkkiz min dörd yüz dörd manat səksən yeddi qəpik) manat borc və 104,95 (bir yüz dörd manat doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar