Məhkəmə qərarları › İş №e-2(004)-3887/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3887/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3887/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” dair tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,144.1-ci maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törədən Cavabdeh2 vurduğu xəsarət nəticəsində sağlamlığımın bərpası üçün çəkdiyi 24700 (iyirmi dörd min yeddi yüz) manat maddi zərərin, 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin, bu iddianın verilməsi üçün vəkilə ödədiyi 320 manatın və 315 manat ödənilmiş dövlət rüsumunun, cəmi 75.335 (yetmiş beş min üç yüz otuz beş) manatın cavabdeh (qanuni nümayəndə) Cavabdeh1 alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101 )-201/2024 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının CM-nin 29,144.1-ci və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maaddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 95.0.3-cü maddələrinə əsasən ixtisaslaşdırılmış psixatiriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbir təyin edilmişdir. Cavabdeh2 barəsində Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 və 29,144.1 -ci maddələri ilə aparaılan cinayət işi üzrə o zərərçəkmiş şəxs kimi tanınmışdır. Yasamal rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və həmin qərarla atası Cavabdeh1 onun qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1125 saylı rəyi ilə onun almış olduğu xəsarətlər-ağır dərəcəli travmatik-hemorragik sok, lll-İV dərəcə ilə müşaiyət olunan boyunun 1 (bir) ədəd, döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 2(iki) ədəd, sol yanaq nahiyəsində 2(iki) ədəd, sağ saiddə 3(üç) ədəd, sağ dirsəkdə 1 (bir) ədəd, sağ əlində 2(iki) ədəd, qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, ümumilikdə 14 (on dörd) ədəd deşilmiş-kəsilmiş çoxsaylı bədən xəsarətləri, sol İX qabırğanın sınığı, sağ çiyin və sol budun əzilmiş yaraları və qançırı isə küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənrnə müddəti onun xəstəxanaya daxil olduğum vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlməklə, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa AĞİR zərər vurmaya aid olmuşdur. Xəstəxanaya qəbul edilərkən ona vurulmuş xəsarətlə əlaqədar qoyulmuş tam diaqnoz -üzün sol yarısının, boyunun sağ yarısının, sağ saitin yuxarı, orta, aşağı 1/3-nin, sol bazunun yuxarı 1/3- nin, döş qəfəsinin sol yarısının döş boğşluğuna nüfuz etməyən, sol qoltuqaltı nahiyyənin, qarının sol yan divarının qarın boşluğuna nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş bıçaq yaralanmaları, sol yuqulyar venanın, sağ radial arteriyanın, udlağın, ağız diafraqmasının zədələnməsi və sol Xİ qabırğanın açıq yerdəyişən sınığı, ağır dərəcəli posthemorragik anemiya, travmatik-hemorragik şok, lll-İV dərəcə olmuşdur. Aldığı xəsarətlərə görə xx.xx.2022-ci il tarixdən 21,09.2022-ci il tarixədək 21 gün "Olimp” Hospitalda stasionar qaydada, xx.xx.2022-ci il tarixdən 31 10.2022-ci il tarixədək isə həmin xəstəxanada ambulator qaydada müalicə almışdır. Stasionar müalicəsi üçün tibbi xidmət və dərman sərfinə görə 19.300 (on doqquz min üç yüz ) manat, ambulator müalicə üçün əlavə olaraq 5.000 (beş min) manat, kosmetoloji bərpa üçün 400 (dörd yüz) manat (cəmi-24700 manat) maddi zərər çəkmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin onun üzünə, boynuna və bədəninin müxtəlif nahiyələrinə yetirdiyi xəsarətlər nəticəsində fiziki əzab çəkməklə, üzündə, boynunda və bədənində silinməz dərəcədə izləri qalmış həmin xəsarətlər nəticəsində bu gündə onun mənəvi sarsıntı keçirməyinə səbəb olmaqla ona 50.000 (əlli min) manat məbləğində mənəvi zərər vurmuşdur. Aldığım xəsatərlər nəticəsində ümüumilikdə ona 74.700 (yetmiş dörd min yeddi yüz) manat olmaqla maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında сavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-201/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Cavabdeh2 ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki,“...Cavabdeh2 31 avqust 2021-ci il tarixdən faktiki ər-arvad münasibətlərində yaşadığı İddiaçı 2022-ci ilin may ayının sonlarından ona məlumat vermədən birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzili tərk edib getməsi və bir daha geri qayıtmaması səbəbindən onu axtararaq, 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində hərəkət etdiyini görüb, onu izləyərək ünvan 2 ünvanında yaşadığını, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10 ünvanında yerləşən “Olimp Hospital” tibb müəssisəsində işlədiyini müəyyən etdikdən sonra onunla görüşüb münasibətlərinə aydınlıq gətirmək və barışaraq əvvəlki kimi ər-arvad münasibətlərində birgə yaşamağa razı salmaq məqsədilə 30 avqust 2022-ci il tarixdə saat 08:20 radələrində idarə etdiyi “Hyundai Sonata" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Olimp Hospital” tibb müəssisəsi ilə üzbəüz yerləşən ünvan 4 ünvanına gəlib onun işə gəlməsini gözləmiş, İddiaçı qeyd olunan ünvana gəldikdə onun qarşısını kəsib evə qayıtmasını tələb etmiş, sonuncu onun bu tələbi ilə razılaşmayıb etiraz etdikdə onu iradəsinə zidd olaraq, zorla idarə etdiyi avtomobilin arxa oturacağına mindirərək faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlamaq məqsədilə avtomobili idarə edib uzaqlaşmaq istədikdə İddiaçı onunla mübahisə edərək hərəkətdə olan avtomobilin qapısını açıb özünü yerə atdığından iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini həyata keçirə bilməyərək adam oğurluğuna cəhd etmiş, daha sonra İddiaçı onu tərk etməsi, onunla gəlmək istəməməsi, özünü maşından yerə atmasına görə qisas niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəllər də avtomobilinin sürət qutusunun yanında saxladığı özünə məxsus soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağını götürüb asfalt örtüyün üzərində yıxılmış vəziyyətdə olan İddiaçı üstünə çıxıb sonuncunun yalvarışlarına, müqavimət göstərməsinə, habelə ətrafa toplaşmış şəxslərin müdaxilə cəhdlərinə baxmayaraq, onu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirərək həmin bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağır dərəcəli travmatikhemorragik şok, lll-İV dərəcə ilə müşayiət olunan boyunun 1 (bir) ədəd, döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol yanaq nahiyəsində 2 (İki) ədəd, sağ saiddə 3 (üç) ədəd, sağ dirsəkdə 1 (bir) ədəd, sağ əlində 2 (iki) ədəd, qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, ümumilikdə 14 (on dörd) ədəd kəsilmiş-deşilmiş çoxsaylı bədən xəsarətləri, habelə sol İX qabırğanın sınığı, sağ çiyin və sol budun əzilmiş yaraları və qançırı xəsarətlərini yetirdikdən sonra huşsuz vəziyyətdə olan İddiaçı öldüyünü zənn edərək avtomobilinə əyləşib hadisə yerindən qaçmış, lakin İddiaçı ətrafda olan şəxslər tərəfindən yaxınlıqda yerləşən “Olimp Hospital” tibb müəssisəsinə çatdırılaraq həkimlər tərəfindən vaxtında ixtisaslı tibbi yardım almaqla həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək İddiaçı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2024 saylı, 10 may 2024-cü il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxs İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Cavabdeh2 ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 201/2024 saylı, 05 mart 2024-cü il tarixli qərarı zərərçəkmiş İddiaçı və onun nümayəndəsi Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Olimp Hospital” tərəfindən verilmiş 13 may 2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı Müslüm qızı "Olimp Hospital"-a xx.xx.2022-ci il tarixində, 08:25 radələrində ağır kəsici-dəlici bıçaq yaraları ilə gətirilmişdir. Xəstənin vəziyyətinin kritik olduğunu gördükdə əməliyyatönü müayinə etmədən təcili şəkildə əməliyyatxənaya yerləşdirilmişdir. Xəstəyə "Sol yuqulyar venanın, sağ radial arteriyanın, udlağın, ağız diafragmasının zədələnməsi", "Sol Xİ qabırğanın açıq yerdəyişən sınığı", "Ağır dərəcəli posthemorragik anemiya" diaqnozu qoyularaq "Arteriyanın tikilməsi", "Kəsilmiş traxeyanın tikilməsi", "Laparotomiya(Relaporatomiya)", "Boyun nahiyəsində dəliyin və kəsiklərin tikilməsi", "Fassiotomiya", "Venanın tikilməsi" əməliyyatları icra olunmuşdur. Göstərilən tibbi xidmətlərin dəyəri 19300 AZN təşkil edir. “Klapp Dermato-Kosmetalogiya İnstitutu”nun 17 mart 2023-cü il tarixli, 14 aprel 2023-cü il tarixli və 14 avqust 2023-cü il tarixli Çek fakturalardan görünür ki, İddiaçı Müslüm qızına kosmetoloji xidmətlərə görə (damar qüsurlarının müalicəsi, fraksional lazer və s.) xidmət haqqı ümumilikdə 400 manat təşkil edir. Hüquqi yardım göstərilməsinə dair 15 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, hüquqi xidmətə görə vəkilə 320 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1107.3-cü maddəsinə əsasən əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-201/2024 saylı, 05 mart 2024-cü il tarixli qərarından göründüyü kimi, Cavabdeh2 anlaqsız vəziyyət olub İddiaçı bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağır dərəcəli xəsarətlər yetirmişdir. Nəticə etibarilə, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Cavabdeh2 ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2024 saylı, 10 may 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 201/2024 saylı, 05 mart 2024-cü il tarixli qərarı ilə zərərçəkmiş İddiaçı və onun nümayəndəsi Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd olunan qərardan həmçinin görünür ki, Kompleks stasionar məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 143 saylı rəyinə əsasən Cavabdeh2 ona ittiham edilən cinayət əməlini törədən zaman “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu" kimi xroniki psixi pozuntudan əziyyət çəkmişdir. Travma mənşəli üzvi şəxsiyyət pozuntusu müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrıayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi kifayət qədər ciddi bir patologiyadır. Üzvi şəxsiyyət pozuntusu bir qayda olaraq mnestik-koqnitiv funksiyanı zədələdiyinə görə intellektual imkanların enməsi ilə müşayiət olunur. Həmin patologiyanın gedişində dekompensasiya (pisləşmə) və kompensasiya (nisbi yaxşılaşma) mərhələləri ayırd edilir. Cavabdeh2 əziyyət çəkdiyi Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” anlaqsızlığın tibbi meyarlarından olan xroniki psixi xəstəliklər sırasına aiddir. Cavabdeh2 təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olmuşdur. Cavabdeh2 cinayət əməlini törədərkən ondakı travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Cavabdeh2 törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Cavabdeh2 ictimai təhlükəli əməli törətdikdən sonra da ‘‘Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” kimi xroniki psixi pozuntudan əziyyət çəkir və həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti davam edir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, Cavabdeh2 tərəfindən İddiaçı anlaqsız vəziyyətdə bıçaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağır dərəcəli xəsarətlər yetirməsi halı qanuni qüvvəyə minmiş qərarlarla öz təsdiqini tapmış, bu hal mübahisələndirilmir. Cinayət mühakimə icraatı zamanı Cavabdeh1 Cavabdeh2 qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ona anlaqsız vəziyyətdə maddi və mənəvi zərəri yetirmiş şəxsin atasına qarşı mülki iddia qaldırmaqda və zərərin əvəzini ödəmənilməsini zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış valideynindən tələb etməkdə haqlıdır. Maddi zərərə dair hissədə məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçının sağlamlığının bərpası üçün keçirilmiş çoxsaylı əməliyyatların və tibbi xidmətlərin dəyərinin məcmusu 19.700 manat təşkil edir. Qalan hissədə (5000 manata dair hissə) yetərincə sübut edilmədiyindən təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin oğlunun təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına xəsarətlərin yetirilməsinin, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2000 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi zərərə görə 19700 (on doqquz min yeddi yüz) manat, mənəvi zərər görə 2000 (iki min) manat olmaqla cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul və ödənilmiş 155 (bir yüz əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 19700 (on doqquz min yeddi yüz) manat, mənəvi zərər görə 2000 (iki min) manat olmaqla cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul və ödənilmiş 155 (bir yüz əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar