Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3967/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı «X1 Azərbaycan» QSC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 120.50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir,bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş,xx.xx.2021-ci il tarixli, e-2(004)-1312/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Cavabdehin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)-3845/2021 saylı qətnaməsi ilə cərimə hissəsini azaldaraq 50 manat müəyyən etmişdir. Nəticədə iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyətı orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 271.88 manat, xx.xx.2022-ci il tarixində ödənilən 271.88 manat, xx.xx.2022-ci il tarixində ödənilən 218.52 manat, xx.xx.2022-ci il tarixində ödənilən 41 manat məbləğlərindəki vəsait "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də iddiaçı tərəfindən "xxxx" MMC-yə 120.50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən “Hüquqi xidmət haqqında” müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 120.50 manat məbləğində xidmət haqqı ödəmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən, iddiaçı cavabdehə 5 il müddətinə 600 manat məbləğində kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür.
5. İddiaçı ilə "xxxx" MMC (Büro) arasında bağlanmış xx.xx.2016-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından (geri dönüşlərindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir.
6. xx.xx.2021-ci il tarixli, e-2(004)-1312/2021 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddia təmin edilmiş və Cavabdeh 647.13 manat əsas borc, 28.83 manat faiz borcu, 106.89 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4.82 manat borc, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1.50 manat borc olmaqla, cəmi 789.17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir.
7. xx.xx.2021-ci il tarixli, 2(103)-3845/2021 nömrəli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən,Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1312/2021 saylı iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh 106.89 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh «X1 Azərbaycan» QSC-nin xeyrinə 50 manat cərimə borcu tutulmuşdur.
8. xx.xx.2024-cü il tarixli bildirişə (pretenziya) əsasən iddiaçı cavabdehə "xxxx" MMC-yə ödənilmiş 120.50 manat məbləğində xidmət haqqının onun tərəfindən ödənilməli olduğunu bildirmiş, bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsi və pulun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
9. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdehin iddiaçıya “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 803.28 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 120.50 manat məbləğində borcu yaranmışdır.
10. 15.03.2022-ci il tarixli təhvil aktına əsasən "xxxx" MMC cavabdeh tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində ödənilən 271.88 və 218.52 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 40.782 və 32.778)
11. 17.03.2022-ci il tarixli təhvil aktına əsasən, "xxxx" MMC cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 271.88 manat məbləğində pulu “X1 Azərbaycan” QSCyə təhvil vermişdir. (büroya ödəniləcək məbləğ 40.782)
12. 13.01.2023-cü il tarixli təhvil aktına əsasən, "xxxx" MMC cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 71 manat məbləğində pulu “X1 Azərbaycan” QSC- yə təhvil vermişdir.(büroya ödəniləcək məbləğ 6.15)
13. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən irəli gəlir. Bank hesabı, debet kartı, kredit kartı və zaminlik müqaviləsinin şərtlərinə əsasən, Borcalan öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı Borcverənin çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) əvəzini tələb etmək hüququ var. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 120.50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. IV. Nəticə:
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 120.50 manat (yüz iyirmi manat əlli qəpik) və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil