Məhkəmə qərarları › İş №e-2(004)-3993/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3993/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3993/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 0095/PB/19 saylı kredit müqaviləsinə əsasən 1696,71 manat əsas borc, 94,22 manat hesablanmış faiz borcu, 1555,88 manat dəbbə pulu olmaqla, cəmi 3346,81 manat pulun və ödənilmiş 53,50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0095/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə 5 il müddətinə, 1 faizlə, 1697,34 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0095/PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 1696,71 manat əsas borc, 94,22 manat hesablanmış faiz borcu, 1555,88 manat dəbbə pulu olmaqla, cəmi 3346,81 manat borcu vardır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, 0095/PB/19 saylı kredit (restruktrizasiya) müqaviləsinə əsasən, kreditor (İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC) borclunun (Cavabdeh) vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan vaxta 1697,34 manat qalıq məbləğini ödəməsi üçün illik 1 faiz hesablanmaq şərti ilə 5 il müddətinə 1697,34 manat məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və müqavilə üzrə ona hesablanan faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borclu müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarında bu müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1%-dən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, iddiaçı haqlı olaraq cavabdehə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia kredit müqaviəsi üzrə əsas və faiz borcunun ödənilməsi hissəsində təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi nəticəsində kredit verən müqavilə şərtinə əsasən 1555,88 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş kreditə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 118,77 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30,53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 1696,71 (min altı yüz doxsan altı manat yetmiş bir qəpik) manat, faiz borcu üzrə 94,22 ( doxsan dörd manat iyirmi iki qəpik) manat, dəbbə borcu üzrə 118,77 (yüz on səkkiz manat yetmiş yeddi qəpik) manat olmaqla, ümumilikdə 1909,7 (min doqquz yüz doqquz manat yetmiş qəpik) manat məbləğində borc və 30,53 (otuz manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar