Məhkəmə qərarları › İş №e-2(004)-4006/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4006/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4006/2025 18.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarş “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cəmi borc 5.754,28 (beş min yeddi yüz əlli dörd ABŞ dolları 28 sent) ABŞ dolları - bundan 1.983,61 (bir min doqquz yüz səksən üç ABŞ dolları 61 sent) ABŞ dolları əsas, 946,78 (doqquz yüz qırx altı ABŞ dolları 78 sent) ABŞ dolları faiz, 2.531,29 (iki min beş yüz otuz bir ABŞ dolları 29 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 292,60 (iki yüz doxsan iki ABŞ dolları 60 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 117,83 (bir yüz on yeddi manat 83 qəpik) manat dövlət rüsumunun cavabdehlər Məhərrəmova (Məmişova) Zülfiyyə Səyyaf qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məhərrəmova (Məmişova) Zülfiyyə Səyyaf qızı arasında bağlanmış 494/14 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 30 (otuz) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Məhərrəmova (Məmişova) Zülfiyyə Səyyaf qızına kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-494/14 saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10.143,1 (on min bir yüz qırx üç ABŞ dolları 1 sent) ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə 29 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.636,25 (beş min altı yüz otuz altı ABŞ dolları 25 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-7144/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, izahatlarında bildirmişlər ki, iddia müddəti ötürülmüşdür. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 494/14 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 30 (otuz) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında ZM-494/14 saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Məhərrəmova (Məmişova) Zülfiyyə Səyyaf qızına kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə 29 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.636,25 (beş min altı yüz otuz altı ABŞ dolları 25 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məhərrəmova (Məmişova) Zülfiyyə Səyyaf qızı arasında bağlanmış 494/14 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 30 ay müddətinə illik 27 % dərəcəsi ilə 12.750 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh Məhərrəmova (Məmişova) Zülfiyyə Səyyaf qızına kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-494/14 saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra həmin Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana 12.750 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10.143,1 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə 29 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.636,25 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-7144/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə digər cavabdehlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrində zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 ilə bağlanılmış 29 iyun 2017-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.636,25 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, bank zamin Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2023-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Zaminlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə təqdim etsələr də, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarş “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarş “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar