Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4007/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə Ağahüseyn qızının, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı TuranBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2075/F-21 saylı kredit müqaviləsi üzrə 2 509,31 manat əsas, 378,03 manat cərimə borcu olmaqla, cəmi 2 887,34 manat məbləğində borcun və ödənilmiş 53,38 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2075/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19% olmaqla, 24 ay müddətinə, 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, TuranBank ASC, Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 2075/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Məhkəmə iclasında ddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ödənişləri aybaay ödədiyini, səhhətində olan problemlə əlaqədar ödənişləri gecikdirdiyini, hal-hazırda əmlak vəziyyəti ilə əlaqədar borcu bir dəfəlik ödəməyə imkanı olmadığını, hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat vermişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli, İK 2075/F-21 saylı kredit müqaviləsinə əsasən, borc verən (iddiaçı TuranBank ASC ) borc alana (Cavabdeh1) üzrə illik faiz dərəcəsi 19% olmaqla, 24 ay müddətinə, 6000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 19 % olmaqla cərimə faizi ödəyir. xx.xx.2021-ci il tarixli, 2075/F-21 saylı zaminlik müqaviləsinə əsasən, zamin (Cavabdeh2) xx.xx.2021-ci il tarixli, İK 2075/F-21 saylı kredit müqaviləsinə əsasən Bankdan illik 19% olmaqla, 24 ay müddətinə, 6000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notarius) xərclərinin Banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 627 saylı maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 xx.xx.2021-ci il tarixli, İK 2075/F-21 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onun həmin tarixə 2 509,31 manat əsas, 378,03 manat cərimə borcu olmaqla, cəmi 2 887,34 manat məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətdə ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv olunacağı və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, Cavabdeh2 isə ona zamin durduğundan iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia kredit müqaviəsi üzrə əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi nəticəsində kredit verən müqavilə şərtinə əsasən 378,03 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş kreditə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 175,65 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 49,64 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2509,31 (iki min beş yüz doqquz manat otuz bir qəpik) manat, dəbbə borcu üzrə 175,65 (yüz yetmiş beş manat altmış beş qəpik) manat olmaqla, ümumilikdə 2684,96 (iki min altı yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində borc və 49,64 (qırx doqquz manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı TuranBank ASC -yə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4007/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4007/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver