Məhkəmə qərarları › İş №e-2(004)-402/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-402/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-402/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 60 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30,4 manat dövlət rüsumunun, ümumilikdə 190 manat 40 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2008-ci il tarixdə “hüquqi xidmətlərin göstərilməsinə” dair müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 7-nin mülkiyyətçisi cavabdehdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 7 ünvanında yaşamış Rauf Allahverdiyev ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2008-ci ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2010-cu ilədək son ödənişi etmiş və xx.xx.2011-ci ildə 20,1 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehə məxsus mənzilə xx.xx.2013-cü il tarixli , 0446 KA saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Bundan sonra, xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0446 KA saylı akt tərtib olunmuşdur. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video-lentə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2012-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddət 200 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 60 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş, məktub poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödəyir. Cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olmaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Telekommunikasiya Haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 3 5 . Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi 35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 7-nin “AG” Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin “KATV” kabel şəbəkəsinə qanunsüz qoşulmasına görə zərərin ödənilməsi tələb edilir. Lakin iddiaçı tərəfindən iddia tələblərinin əsaslandırdığı halları təsdiq edən sənədlər, o cümlədən kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 07 yanvar 2013-cü il tarixli 0446 saylı akt, həmin halı təsdiq edən videogörüntü əks olunmuş disk ünvan 1 ünvanda yerləşən mənzilin 4-ün kabel şəbəkəsinə qanunsuz qoşulması halını təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 7-nin “AG” Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin “KATV” kabel şəbəkəsinə qanunsüz qoşulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia 60 manat məbləğində dəymiş zərər tələb hissəsində əsassızdır və rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, eyni sasla mənzil 7-yə baxış keçirilməsi üçün göstərilmiş hüquqi xidmətlərə görə ödənilmiş 100 manat xidmət haqqının əvəzi tələbi də təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar