Məhkəmə qərarları › İş №e-2(004)-4023/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4023/2023

24.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4023/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Yasamal rayonu, Tbilisi prospekti, "xxxx" yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzilə getməsi üçün binaya giriş və liftdən istifadə ilə bağlı cavabdeh tərəfindən qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına (lift kartının verilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, "xxxx" yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzili xx.xx.2021-ci il tarixdə X1 ilə bağlanmış saziş əsasında almışdır. Həmin mənzili aldıqdan iki il sonra "xxxx" MMC tərəfindən ona xx.xx.2023-cü il tarixli, №BK-2023.02.28-018-li məktub göndərilərək iddiaçının müqavilə bağlamadığı halda ona “Bakı Təmizlik Mərkəzi MMC” tərəfindən xidmətlər göstərilməsinin davam etdirilməsi, bunun əsasında da hal-hazırda kommunal xidmətlərinə görə 1963 manat məbləğində borcunun yaranması və bu məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC tərəfindən borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" MMC iddiaçının kommunal xərcləri ödəmədiyini əsas gətirməklə 2022-ci ilin sentyabr ayından onun lift kartını da blok etmişdir və o mənzilə lift ilə qalxa bilmir. Yasamal rayonu, Tbilisi prospekti, "xxxx" yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzil 17-ci mərtəbədədir. İddiaçının isə 73 yaşı var. İddiaçı həmin mənzildə yaşamır və ayda bir dəfə həmin mənzilə gedir. Həmin mənzildə yaşamadığına görə işıqdan istifadə üçün cüzi ödəniş edir. O həmin mənzili aldığı zaman bağlanmış sazişin müddəalarında kommunal xidmətlərinə görə haqqın ödənilməsi üçün “Bakı Təmizlik Mərkəzi MMC” ilə müqavilə bağlamalı olduğu barədə heç bir məlumat yazılmamışdır və o, kommunal xidmətlərə görə ödənişin “Bakı Təmizlik Mərkəzi MMC”-yə edilməsi ilə əlaqədar heç bir müqavilə bağlamamışdır. Mövcud məsələnin həlli ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-yə dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlər edilsə də, problemin həlli ilə bağlı heç bir zəruri tədbirlər görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Tbilisi prospekti, "xxxx" yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzil xx.xx.2021-ci il tarixdə Vidadi Həsənov tərəfindən saziş əsasında İddiaçı satılmış və həmin sazişə əsasən bütün hüquq və öhdəliklər İddiaçı ötürülmüşdür. Həmin öhdəliklərindən biri də, komunnal ödənişlərlə bağlı öhdəlikdir. İddiaçı mənzili aldığı şəxslə arasında bağlanmış sazişin 4-cü bəndində qeyd edilmişdir ki, “Bu saziş hüquqi qüvvəyə minəndən sonra müqavilə ilə tənzimlənmiş bütün münasibətlər üzrə mövcud hüquq və öhdəliklər, o cümlədən müqavilədən irəli gələn digər məsələlər (heç bir hissəyə ayrılmadan və ya əlavə izahat verilmədən) bu sazişi imzalayan “Yeni Sifarişçi” ilə “İcraçı” arasında yaranmış hesab olunacaq”. İddiaçı "xxxx"MMC tərəfindən bir neçə dəfə mail ünvanına və faktiki yaşadığı ünvan məktub göndərilərək bildirilmişdir ki, kommunal xidmətlərə görə haqq ödəmək vəzifəniz yaranmışdır. Lakin, qarşı tərəfdən heç bir cavab verilmədiyinə görə ona binaya giriş və liftdən istifadə ilə bağlı məhdudiyyətlər qoyulumuşdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : xx.xx.2021-ci il tarixli "xxxx" MTK (icraçı) , X1 (əvvəlki sifarişçi), İddiaçı (yeni sifarişçi) arasında bağlanmış sazişdən görünür ki, tərəflər qəbul etmişdir ki, “icraçı” ilə “əvvəlki sifarişçi” arasında bağlanmış (Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 2, mərtəbə 17-də yerləşən ümumi sahəsi 178,50 kv.m. olan 107 saylı mənzilə dair) xx.xx.2014-cü il tarixli № A 02 / 125 saylı müqavilə üzrə “əvvəlki sifarişçi”-nin sahib olduğu bütün hüquq və öhdəlikləri bu saziş qüvvəyə mindiyi andan – “yeni sifarişçi”-yə keçir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok , 17-ci mərtəbəsində ümumi sahəsi 178,50 kv.m., istifadə üçün yararlı sahəsi 157,59 kv.m. olan 4 otaqlı, 107 saylı mənzil İddiaçı məxsusdur və onun "xxxx" MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazdan görünür ki, iddiaçı tərəfindən yaşayış sahəsindən və kommunal xidmətlərdən istifadəyə görə haqqın ödənilməməsi səbəbindən iddiaçının binaya girişinə və liftdən istifadəsinə məhdudiyyətlər qoyulmuşdur. Halbuki yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mənzil mülkiyyətçisinin və istifadəçisinin istifadə etdiyi yaşayış sahəsinə görə və faktiki istifadə etdiyi kommunal xidmətlərə görə xidmət haqqlarının ödənilməsi vəzifəsi olduğu nəzərdə tutulmuş, lakin bu vəzifənin yerinə yetirilməməsinin onun mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyətlər qoyulmasına əsas olması və ixtisaslaşmış istehlak kooperativlərinin belə bir hüququnun olması nəzərdə tutulmamışdır. İxtisaslaşmış istehlak kooperativinin göstərdiyi xidmətlərin əvəzi könüllü ödənilmədiyi halda həmin xidmətlərin əvəzinin məhkəmə qaydasında tutulması barədə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilmələrək İddiaçı Yasamal rayonu, Tbilisi prospekti, "xxxx" yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzildən istifadəsinə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunmadığından iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yasamal rayonu, Tbilisi prospekti, "xxxx" yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzildən istifadəsinə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar