Məhkəmə qərarları › İş №e-2(004)-4028/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4028/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4028/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək 6483,9 manat məbləğində əsas, 2807,68 manat məbləğində faiz borcu, 9983,16 manat məbləğində cərimə borcu, 963 manat məbləğində gecikmə faizi, ümumilikdə 20237,74 manat məbləğində pulun, 30 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/119804/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 6483,9 manat məbləğində əsas, 2807,68 manat məbləğində faiz borcu, 9983,16 manat məbləğində cərimə borcu, 963 manat məbləğində gecikmə faizi, ümumilikdə 20237,74 manat məbləğində borcu qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 1xx/xx/119804/15 saylı kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 24% ödəmək şərtilə 7500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan QSC “Bank Standart” KB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxx 2015-ci il tarixli 1xx/xx/119804/15 saylı kredit müqaviləsi üzrə 6483,9 manat məbləğində əsas, 2807,68 manat məbləğində faiz borcu, 9983,16 manat məbləğində cərimə borcu, 963 manat məbləğində gecikmə faizi, ümumilikdə 20237,74 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı QSC “Bank Standart” KB öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə Cavabdeh xx xxxx 2015-ci il tarixli 1xx/xx/111654/15/1 saylı kredit müqaviləsi üzrə 6483,9 manat məbləğində əsas borc, 2807,68 manat məbləğində faiz borcu, 963 manat məbləğində gecikmə faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cərimə çox hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 9983,16 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6483,9 manat məbləğində əsas, 2807,68 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 963 manat məbləğində gecikmə faizi, ümumilikdə 10354,58 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6483,9 manat məbləğində əsas, 2807,68 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 963 manat məbləğində gecikmə faizi, ümumilikdə 10354,58 (on min üç yüz əlli dörd manat əlli səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar