Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4041/2025 23.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi və pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 80.000 (səksən min) manat məbləğində pulun və 30.000 (otuz min) manat dəyərində qızıl zinət əşyalarının, qızıl zinət əşyaları olmadıqda onların dəyərinin, həmçinin məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ilin dekabr ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 80.000 manat pul və 30.000 manat dəyərində qızıl zinət əşyalarını borca vermiş və cavabdehlər borca götürdükləri pulu və qızıl zinət əşyalarını meyvə-tərəvəz mağazası açıb qazandığı puldan hissə-hissə ödəyəcəyini bildirmiş, lakin indiyədək pulu qaytarmamışdır. İddiaçı cavabdehlərə pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət etsə də, bu bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər pulu meycə-tərəvəz mağazası açmaq adı ilə borc almışdırlar. Cavabdehlərin təqdim etdiyi qəbzlərdən köçürülən pulların Ələskər M. və Nuridə Ə. tərəfindən qəbul edildiyi görünür. Həmin şəxslərin iddiaçı ilə əlaqəsi yoxdur. Həmçinin bildirir ki, qəbzlər borc barədə əlyazmasından əvvəlki tarixlərə aiddir. Qızıl zinət əşyaları lombardda dəyərindən 30% ucuz götürülür. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı onun nəvəsi Nəsibənin həyat yoldaşıdır. Zaur onlara 2 dəfə olmaqla ümumilikdə 24.000 manat faizə borc vermişdi. Hazırda ona 48.000 manat borcları qalıb. Qızıl zinət əşyalarının dəyəri təxminən 9000 manat olmuş və lombarda girov qoyulmuşdu. Pulu ödəyə bilmədiklərindən lombard qızıl-zinət əşyalarını borcun əvəzi kimi götürmüşdür. Verilən suala cavab olaraq borcun götürülməsi barədə əlyazmanın və iltizamdakı imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı onlara 2023-cü ilin dekabrında Cavabdeh1 evində 24.000 manat, 2024-cü ilin yanvar-fevral aylarında isə 24.000 manat olmaqla, cəmi 48.000 manat borc vermişdi. Pulları faizə verirdi. İddiaçı və onun həyat yoldaşı Nəsibə ona müxtəlif kart hesabları göndərərək həmin kartlara pul atmasını bildirmişdirlər. O da, həmin kartlara da müxtəlif vaxtlarda pul vəsaitləri köçürmüşdü. Həmin kart hesablarının sahiblərini tanımır. Ələskər M. və Nuridə Ə. adlı şəxləri tanımır, onların kart hesablarına iddiaçının bildirməsinə ilə əlaqədar ödənişlər etmişdir. Həmin qəbzləri məhkəməyə təqdim edib. Hazırda iddiaçıya 48.000 manat borcları qalıb. Odur ki, iddianın qismən təmin olunmasına etiraz etmir. Verilən suala cavab olaraq borcun götürülməsi barədə əlyazmanın, oradakı imzanın və iltizamdakı imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. ƏİX seriyalı 12495759 nömrəli lombard girov biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən qiyməti 6032 manat olan 3 cüt sırğa, 1 üzük, 1 qolbağı, 3 sep (585 əyar, 92.3),1 üzük (750 əyar) adda qızıl-zinyət əşyaları girov qoyulmaqla, lombard tərəfindən ona 4% ilə 5800 manat məbləğində kredit verilmişdir. ƏİX seriyalı 12495782 nömrəli lombard girov biletindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən qiyməti 2912 manat olan 4 sep, 6 üzük, 5 cüt sırğa, 3 klon (585 əyar) adda qızıl-zinyət əşyaları girov qoyulmaqla, lombard tərəfindən ona 4% ilə 2800 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılmış əlyazmasından görünür ki, onlar İddiaçı olan 80.000 (səksən min) manat məbləğində borclarını xx.xx.2023-cü ildə - 5000 (beş min) manat, xx.xx.2023-cü ildə - 15.000 (on beş min) manat, xx.xx.2023-cü ildə 10.000 (on min) manat, xx.xx.2023-cü ildə - 10.000 (on min) manat, xx.xx.2023-cü ildə 10.000 (on min) manat, xx.xx.2023-cü ildə 10.000 (on min) manat, xx.xx.2023-cü ildə 10.000 (on min) manat, xx.xx.2023-cü ildə 10.000 (on min) manat olmaqla, cədvəldə yazılan kimi ödəməyi üzərlərinə götürmüş, cədvəlin aşağısında imzaları ilə təsdiq etmişdilər. Cavabdeh2 və Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş iltizamın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 həmin iltizamı istintaq şöbəsinə verirlər ondan ötrü ki, xx.xx.2023-cü il tarixədək İddiaçı məxsus və onlar tərəfindən lombarda girov qoyulmuş və 10.000 manat pul götürülmüş qızıl zinyət əşyalarını girovdan çıxararaq tam şəkildə Zaura qaytaracaqlarına söz verirlər. Həmçinin qızıllar qaytarıldıqdan sonra söz verirlər ki, yerdə qalan həmin dövrdən imzaladıqları məbləği hissə-hissə qaytarma məsələsi ilə bağlı əldə olunacaq razılıq üçün bütün imkanlarından istifadə edəcəklər. Verdikləri iltizama əməl etmədikləri halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunacaqları onlara aydındır. İltizamı öz imzaları ilə təsdiq etmişdilər. “Asan ödəniş” sisteminin xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X1” ASC-yə məxsus leobank tətbiqindən əldə olunmuş qəbzlərdən müəyyən edilir ki, Cavabdeh2 tərəgfindən Kapital Banka məxsus 416973****6015 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 600 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Cavabdeh2 tərəfindən Ələskər M. adlı şəxsin leobank kart hesabına xx.xx.2022xx.xx.2023-cü il tarixləri aralığında cəmi 202,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh2 tərəfindən Nuridə Ə. adlı şəxsin leobank kart hesabına xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında cəmi 1429,90 manat məbləində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. İşin hallarından görünür ki, cavabdehlər 2025-ci ilin may ayında yazdıqları əlyazısında iddiaçıdan 80.000 (səksən min) manat məbləğində pul aldıqlarını və 2023-cü ilin dekabr ayının 30-na kimi, birinci ay 5000 min manat, ikinci ay 15.000 manat, qalan aylar isə 10.000 manat olmaqla qaytaracaqlarını üzərlərinə götürərək, öz imzaları ilə təsdiq etmişdirlər. Eyni zamanda cavabdehlər xx.xx.2023-cü il tarixli iltizamla İddiaçı məxsus qızıl-zinyət əşyalarını lombarda girov qoymaqla 10.000 manat kredit götürmələrini təsdiq etməklə, qızıl-zinyət əşyalarını girovdan çıxarmaqla tam şəkildə Zaura qaytaracaqlarına söz vermiş, iltizama əməl etmədikləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqlarının onlara aydın olduğunu bildirmişdirlər. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin məhz borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 80.000 manat məbləğində borc və qızıl-zinyət əşyaları verməsi faktı iş materialları ilə, tərəflərin izahatları ilə öz təsdiqini tapır. Verilən qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı iddiaçı sübut təqdim etməmiş, lombard biletləri ilə girov qoyulan qızıl-zinyət əşyalarının ümumilikdə dəyərinin 8944 manat olması müəyyən olunmuşdur. Bundan başqa cavabdeh məhkəməyə “X1” ASC-yə məxsus leobank tətbiqindən əldə olunmuş qəbzlər təqdim edərək, onun tərəfindən köçürülən vəsaitlərin borcun əvəzi kimi ödənildiyini qeyd etsə də, həmin vəsaitlərin təyinatını müəyyən etmək mümkün olmamışdır. Bununla belə qəbzlərdəki pul köçürmə tarixlərindən köçürmələrin borcun etirafı barədə əlyazmadan və iltizamdan əvvəlki tarixlərdə həyata keçirildiyi açıq-aydın görünür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 80000 (səksən min) manat məbləğində borc pul və qızıl-zinət əşyalarının dəyəri olaraq 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 356,83 (üç yüz əlli altı manat səksən üç qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 356,83 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 80000 (səksən min) manat məbləğində borc pul və qızıl-zinət əşyalarının dəyəri olaraq 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 356,83 (üç yüz əlli altı manat səksən üç qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4041/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4041/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver