Məhkəmə qərarları › İş №e-2(004)-4080/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4080/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4080/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Səfidar qızından və Cavabdeh2 müştərək qaydada 29 yanvar 2013-cü il tarixli 212/87685 nömrəli kredit müqaviləsi üzrə yaranmış 805,57 ABŞ dollarıməbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 33.69 AZN məbləğində dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 yanvar 2013-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh1 arasında 212/87685 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh1 istehlak yönümlü 2000 ABŞ dolları məbləğində pul ayrılmışdır və o, 36 (otuz altı) ay müddətində kreditin əsas məbləği və ona illik 24% faiz (iyirmi dörd faiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. Müqavilənin bəndlərinə uyğun olaraq, cavabdehlər borcu, ona hesablanmış faizləri, komissiyaları və digər xərcləri müqavilə şərtləri ilə qaytarmalı idi. Lakin cavabdehlər bu öhdəlikləri mütəmadi şəkildə pozmuş və xəbərdarlıqlara baxmayaraq, borcu bu günədək ödəməmişdir. «X1 Azərbaycan» QSC tərəfindən Yasamal Rayon Məhkəməsinə edilmiş müraciət əsasında xx.xx.2014-cü il tarixli, 2(004)-10410/2014 nömrəli məhkəmə əmri ilə kredit borcuna dair tələb təmin edilmişdir. Lakin göstərilən məhkəmə əmrində texniki yanlışlığa yol verilmiş, borcun valyutası yanlış olaraq Azərbaycan manatı kimi göstərilmişdir. Belə ki: Əmr sənədində borc məbləği 1698,38 manat kimi qeyd olunmuşdur; Halbuki, cavabdehlərlə bağlanmış 29 yanvar 2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsi üzrə borc 1698,38 ABŞ dolları məbləğində müəyyən edilmişdir; Müqavilə tərəflərin iradə ifadəsi əsasında ABŞ dolları valyutasında imzalanmış və razılaşdırılmışdır. Cavabdeh1 Səfidar qızı tərəfindən bu günədək aşağıdakı kredit ödənişləri həyata keçirilmişdir: xx.xx.2015 - 186,92 xx.xx.2024 - 294,12 xx.xx.2024 - 294,12 xx.xx.2025 - 117,65 Cəmi = 892,81 ABŞ dolları. Borcun ilkin məbləği: 1698,38 ABŞ dolları, edilmiş ödənişlər: 892,81 ABŞ dolları, qalıq borc: · 1698,38 - 892,81 = 805,57 ABŞ dolları. Bank tərəfindən xx.xx.2024-cü il tarixində təqdim olunmuş texniki yanlışlığın aradan qaldırılması barədə ərizə Yasamal Rayon Məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Halbuki, təqdim olunan müqavilə və ödəniş sənədləri ilə tələb olunan borc məbləğinin ABŞ dolları ilə müəyyən edildiyi açıq şəkildə sübut olunur. Cavabdeh(lər) Cavabdeh1 Səfidar qızının və Cavabdeh2 29 yanvar 2013-cü il tarixli 212/87685 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə «X1 Azərbaycan» QSC-yə оlan qalıq bоrcu: 805,57 ABŞ dolları təşkil edir. Cavabdeh1 Səfidar qızı tərəfindən «X1 Azərbaycan» QSC-yə edilmiş xx.xx.2025-ci il tarixli ərizəsində də məhkəmə əmrində texniki yanlışlığa yol verilmiş, borcun valyutası yanlış olaraq Azərbaycan manatı kimi göstərildiyi və qalıq borcunun 805,57 ABŞ dolları olduğunu qəbul edərək borcu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə ilk dəfə 2014-cü ildə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada 1,439.35 manat kredit üzrə əsas məbləğ borcunun, 185.44 manat faiz borcunun, 44.59 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 8 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair borclu və zaminə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinin, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun, cəmi 1,698.38 manat məbləğində borcun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması) barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-10410/2014 nömrəli məhkəmə əmrinə əsasən ərizə təmin edilərək, 1439,35 manat əsas borc, 185,44 manat faiz borcu, 44,59 manat hər gecikdirilmiş günə görə cərimə, 8 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair borclu və zaminə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 1698,38 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X1 Azərbaycan” QSC-nin xeyrinə verilməsi əmr edilmişdir. (hakim Şeyda Məhərrəmova) Daha sonra iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü İİ tarixli 2(004)-10410/2014 nömrəli məhkəmə əmrinin təsviri və əmr etdi hissəsində müvafiq düzəlişin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh1 Səfidə qızına və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 10410/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli Məhkəmə Əmri ilə iddiası təmin edilmişdir. Məhkəmə Əmrinin təsviri və əmr etdi hissəsində borc məbləği manatla qeyd edilmişdir. Tərəflər arasındaki kredit müqaviləsi tərəflərin iradə ifadəsinə əsasən ABŞ Dolları ilə razılaşdırılmış və imzalanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-10410/2014 nömrəli qərardadına əsəsən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-10410/2014 nömrəli məhkəmə əmrində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə kreditor “X1 Azərbaycan” QSC tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hazırda iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə yenidən məhkəməyə müraciət edərək, Cavabdeh1 Səfidar qızından və Cavabdeh2 müştərək qaydada 29 yanvar 2013-cü il tarixli 212/87685 nömrəli kredit müqaviləsi üzrə yaranmış 805,57 ABŞ dolları məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 33.69 AZN məbləğində dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, kreditor “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsinə əsasən kreditin məbləği 2000 ABŞ dolları müəyyən edilmişdir. Buna baxmayaraq, kreditor “X1 Azərbaycan” QSC 2014-cü ildə həmin kredit müqaviləsi üzrə cəmi 1,698.38 manatın borclu və zamindən müştərək qaydada tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə əmrinə əsasən ərizə təmin olunaraq cəmi 1,698.38 manatın “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması əmr edilmişdir. “X1 Azərbaycan” QSC xx.xx.2024-cü il tarixdə əmrə müvafiq düzəlişin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə kreditorun müvafiq məhkəmə əmri ilə tutulmasını tələb etdiyi məbləğin dollarla deyil manatla ifadə olunduğunu, məhkəmənin də tələb həddində işə baxaraq əmr çıxardığını nəzərə alaraq, kreditorun məhkəmə əmrində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Daha sonra sözügedən məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədilə borclu Cavabdeh1 ölkədən getmə hüququ məhdudlaşdırılmış və borclu Cavabdeh1 xx.xx.2025-ci il tarixdə “X1 Azərbaycan” QSC-yə ərizə yazaraq məhkəmə əmrinə əsasən borcunun 180.61 manat qalsa da, sistem üzrə 805.57 dollar borcunun qaldığını qəbul etmişdir. Bundan sonra “X1 Azərbaycan” QSC xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 805,57 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Göründüyü kimi, kreditor “X1 Azərbaycan” QSC xx.xx.2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-10410/2014 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 1698,38 manat məbləğində pulun tutulmasını qəbul etmiş, 10 il sonra xx.xx.2024-cü il tarixdə əmrdə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizələri təmin edilməmiş, daha sonra xx.xx.2025-ci il tarixdə eyni xx.xx.2013-cü il tarixli, 212/87685 nömrəli kredit müqaviləsi üzrə sistem üzrə qalıq 805,57 ABŞ dolları məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı eyni kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin eyni şəxslərdən tutulması tələbinə dair iddiasının təmin edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş əmri olduğu halda, iddiaçı yenidən həmin kredit müqaviləsi üzrə qalıq borc məbləğinin təxminən 11 il sonra “texniki yanlışlıq olaraq borcun manatla göstərilməsi” arqumentinə əsaslanaraq eyni şəxslərdən tutulması tələbi ilə məhkəməyə müraciət edərək, mahiyyət etibarı ilə eyni olan mübahisəyə yenidən məhkəmədə baxılmasına nail olmağa cəhd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş əmri olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, **********65 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 33,69 (otuz üç manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar