Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-410/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 415,26 ABŞ dolları əsas, 2486,28 ABŞ dolları faiz, cəmi 2901,54 ABŞ dolları borcun, 69,33 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 26 faiz dərəcəsi ilə 48 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2016-cı il tarixli əlavə sazişlə kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılıb. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ölkədə baş vermiş dolların bahalaşması səbəbindən kreditin ödənişində problem yaranmış və AR Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının tələblərinə əsasən ona da kompensasiya düşmüş və xx.xx.2019-cu il tarixdə həmin kreditə görə iddiaçı tərəfindən ona kompensasiya olaraq 4394,91 manat pul geri qaytarılmışdır. Onun iddiaçı və ya hər hansı bankla xarici valyutada başqa kredit müqaviləsi olmayıb və hər hansı öhdəliyi olmayıb. Lakin buna baxmayaraq ona xx.xx.2014-cü il tarixli, 3046nkBAB/14 nömrəli kredit müqaviləsinə əsasən kompensasiya ödənməsinə və həmin müqavilə üzrə hər hansı borcun qalmadığı və ya qalıq borcun restrukturizasiyası olunmadığı təqdirdə bankın əməkdaşları tərəfindən aldadılaraq xx.xx.2019-cu il tarixindən bugünə qədər ondan əsassız olaraq 1844 manat artıq pul elə məhs həmin müqaviləyə (3046nkBAB/14 nömrəli) görə banka ödənmişdir. Belə ki, o aparat vasitəsi ilə aşağıdakı tarix və məbləğlərdə ödəniş etməklə cəmi 1844 manat iddiaçıya artıq ödəniş etmişdir. xx.xx.2019-cu il 165 AZN, xx.xx.2019-cu il 170 AZN, xx.xx.2019-cu il 160 AZN, xx.xx.2019-cu il 7 AZN, xx.xx.2019-cu il 20 AZN, xx.xx.2019-cu il 50 AZN, xx.xx.2019-cu il 50 AZN, xx.xx.2019-cu il 30 AZN, xx.xx.2019-cu il 20 AZN, xx.xx.2019-cu il 167 AZN, xx.xx.2019-cu il 170 AZN, xx.xx.2019cu il 167 AZN, xx.xx.2019-cu il 167 AZN, xx.xx.2020-ci il 167 AZN, xx.xx.2020-ci il 167 AZN, xx.xx.2020-ci il 167 AZN. Bu problemlərlə bağlı dəfələrlə cavabdehə və Mərkəzi Banka müraciət etsə də, məsələ düzgün araşdırılmamış və ona cavab olaraq bildirilmişdir ki, fərmanla bağlı hesablanmış kompensasiya məbləği tam şəkildə ona təqdim edilmiş, lakin bu hal onu qalıq borc öhdəliyindən azad etmir və borcun silinməsi məqsədəuyğun hesab edilmir. O, həmin dövrdə dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasına və cavabdehə müraciət edərək həmin kredit müqaviləsi üzrə borcunun olub olmaması və borcu qaldığı təqdirdə həmin məbləğin restrukturizasiya olunmasını tələb etsə də, ona kompensasiya ödənilməsinə və həmin kompensasiya barədə məlumatda heç bir borcunun olmadığı və restrukturizasiya məbləğinin olmadığına baxmayaraq ondan əsassız olaraq 1844 manat artıq ödəniş alınmışdır. Qeyd edilən fərmana əsasən onun artıq ödəməsinə görə kompensasiya o zaman ona tam verilə bilərdi ki, banka heç bir borcu qalmasın. Belə olan təqdirdə cavabdeh ona kompensasiya verə bilməz, artıq ödəməni borca yönəldərdi ki, belə olduğundan, borcu qalmadığından ona kompensasiya ödənmişdi. Həmçinin həqiqətən də ona fərmanla kompensasiya ödəndiyi təqdirdə, qalıq borcu olsa onun müqaviləsi restrukturizasiya edilməli idi. Lakin həmin kredit üzrə müqavilə restrukturizasiya olunmamışdır. Bununla yanaşı iddiaçının iddia ərizəsində qeyd etdiyi 415.26 USD əsas məbləğə 2486.28 USD faiz borcu hesablaması da tamamilə əsassız və qanunsuzdur və iddiaçının tələb etdiyi məbləğ 5001.94 manat olduğu təqdirdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi verməsi də MPM-in tələblərinin kobudca pozulmasıdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6032/2022 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi cavabdehin etiraz ərizəsində göstərdiyi hallara Nəsimi rayon Məhkəməsinin cavabdehin iddiaçı "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiasına dair mülki iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 2(006)-4000/2020 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyini və iddianın rədd olunduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 26 faiz dərəcəsi ilə 48 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə xx.xx.2016-cı il tarixli sazişə əsasən kreditin qaytarılma müddəti 05 fevral 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2.-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kreditin icra müddəti artıq yuxarıda qeyd olunduğu kimi 05 fevral 2020-ci il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə 11 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 415,26 ABŞ dolları əsas, 2486,28 ABŞ dolları faiz, cəmi 2901,54 (iki min doqquz yüz bir ABŞ dolları əlli dörd sent) ABŞ dolları borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 69,33 (altmış doqquz manat otuz üç qəpik) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-410/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-410/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver