Məhkəmə qərarları › İş №e-2(004)-4111/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4111/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4111/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin öz təşəbbüsü ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsidir. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir . xx.xx.2023-cü il tarixdə olan əməliyyatlar nəticəsində overdraft yaranmışdır. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 86,63 (səksən altı manat altmış üç qəpik) manat məbləğində əsas overdraft borcu, 11,84 (on bir manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 98,47 (doxsan səkkiz manat qırx yeddi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2021-ci il tarixli ümumi ofertanın şərtləri ilə tanış olmuşdur və razıdır. Həmin ərizəsinin 8-ci bəndinə əsasən müəyyən olunur ki, cavabdehin ödəniş kartı vasitəsilə apardığı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, cavabdeh oferta şərtlərinə uyğun olaraq öhdəliyini qəbul edir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.11-ci bəndinə əsasən müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri”nin “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik cərimə ödənişi hesablana bilər. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci bəndinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsidir. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir . Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 86,63 (səksən altı manat altmış üç qəpik) manat məbləğində əsas overdraft borcu, 11,84 (on bir manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 98,47 (doxsan səkkiz manat qırx yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" KB ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin yuxarıda sadalanan bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 (müqavilənin ləğvinə aid hissədə), 462.1-ci (cərimə borcuna münasibətdə) maddələri təşkil edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik cərimə borcuna münasibətdə müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə cərimə borcunu ödəməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir, "xxxx" KB ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir, çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Beləliklə iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılan əməliyyatlar nəticəsində overdraft yaranmışdır. Borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Beləliklə cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin 5.11 və 6.4.1-ci bəndləri və Mülki Məcəllənin 421 və 462-ci maddələri ilə iddianın faktiki və hüquqi əsasları eynilik təşkil edir. Məhkəməyə iddiaya iddiaçının tələbi həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 86,63 (səksən altı manat altmış üç qəpik) manat məbləğində əsas overdraft borcu, 5,12 (beş manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 91,75 (doxsan bir manat yetmiş beş qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 86,63 (səksən altı manat altmış üç qəpik) manat məbləğində əsas overdraft borcu, 5,12 (beş manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 91,75 (doxsan bir manat yetmiş beş qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar