Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4121/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-ci il tarixli MR0017578-2023 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 245,85 manat məbləğində əsas borc, 135,77 manat faiz borcu, cəmi 381,62 manat məbləğində pulun və ödənilməmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC (bundan sonra təşkilat) arasında xx.xx.2023-cü il tarixli, MR0017578-2023 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 6 ay müddətinə, illik 27% (iyirmi yeddui) olmaqla 1050 AZN (bir min əlli) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 11 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2023-cü il tarixindən bu günə qədər cavabdeh götürdüyü 1050 AZN (bir min əlli) manat məbləğində əsas borcdan 804,15 AZN (səkkiz yüz dörd manat,on beş qəpik) məbləğində ödəniş etmiş,eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 75,85 AZN (yetmiş beş manat,səksən beş qəpik) ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 0,00 AZN (sıfır manat,sıfır qəpik) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 245,85 AZN (iki yüz qırx beş manat,səksən beşqəpik) məbləğində əsas borcu, 135,77 AZN (bir yüz otuz beş manat, yetmiş yeddi qəpik) faiz borcu, cəmi 381,62 AZN (üç yüz səksən bir manataltmış iki qəpik) məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MR0017578- 2023 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MR0017578- 2023 nömrəli çərçivə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə 1050 manat məbləğində bərpa olunan kredit xəttini borc alana verir. Borc alan isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini buy müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, borc verənin xidmət haqlarını ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 7.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri olduqda, borc alan borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün kredit xəttinin gecikdirilmiş əsas borc məbləğinin 1 faizi miqdarında cərimə ödəyir.Cərimə kreditin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 gün ərzində hesablanır.
6. xx.xx.2023-cü il tarixli, MR0017578-2023 nömrəli Müqaviləyə 1 saylı əlavədə cavabdeh tərəfindən aylar üzrə ödənilməli olan ödəniş cədvəli əks olunmuşdur.
7. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehə kredit müqaviləsi üzrə götürdüyü kreditin geri ödənişində "07" Avqust 2023-cü il tarixdən etibarən problem yarandığını və artıq 288 (iki yüz səksən səkkiz) günlük gecikmə ilə kredit üzrə 300 (üç yüz) AZN məbləğində vaxtı keçmiş borcun yarandığını və bugünə kreditin tam bağlanması üçün 372 manat borc ödəməyi 10 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MR0017578-2023 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 245,85 manat əsas, faiz borcu 135,77 manat təşkil edir.
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 245,85 manat məbləğində krеdit bоrcu, 135,77 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
14. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 245,85 manat əsas, 135,77 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 245,85 manat əsas, 135,77 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 411,62 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil