Məhkəmə qərarları › İş №e-2(004)-4138/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4138/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4138/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.108,78 manat əsas borc, 20,29 manat faiz borcu olmaqla cəmi 1.129,07 manat borc və ödənilmiş 32 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli 18-xx-xx-087144 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında sonuncuya 60 ay müddətinə illik 1% olmaqla 1.274,83 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlaka tam hissədə X1 vərəsəsi Cavabdeh təyin edilmişdir. Hazırda 1.108,78 manat əsas borc, 20,29 manat faiz borcu olmaqla cəmi 1.129,07 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron kabinetdən ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, sözügedən məbləği onun atası əməsi üçün kredit götürmüşdür. Krediti əmisi sərf etmişdir. Atası rəhmətə getmiş və atasının vərəsəsi kimi o tanınmışdır. Tələb edilən borcu ödəməli olduğunu anlayır, lakin birdəfəyə ödəmək iqtidarında deyildir. Odur ki, tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin “Bakıxanov” filialı ilə X3 arasında xx.xx.2019-cu il tarixli 18xx-xx-087144 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləyə əsasən İddiaçı ASC borcalan X2 illik 1% faiz olmaqla 60 ay müddətinə 1.274,83 manat kredit vermişdir. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncu atasından qalan miras əmlakı qəbul etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddiaçı, tərəfdən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən borclunun kredit müqaviləsinə əsasən 1.108,78 manat əsas, 20,29 manat faiz borcunun olması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Göründüyü kimi Cavabdeh X1 qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, cavabdeh miras qoyanın borcunu kreditorlara münasibətdə tam olaraq ödəməyə borclu olduğundan sözü gedən pul məbləği də, cavbadehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli **********667 nömrəli, reyestrdə 2V-667 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras əmlakına daxil olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 167 A yerləşən ümumi sahəsi 91.2 km.m, yaşayış sahəsi 63,8 kv/m, yardımçı sahəsi 27.4 kv/m olan fərdi yaşayış evinin Cavabdeh tam hissə olmaqla miras payının olması təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci madddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 18-xx-xx-087144 saylı kredit müqaviləsi üzrə 1108,78 manat əsas borc, 20,29 manat faiz borc olmaqla, cəmi 1129,07 (bir min yüz iyirmi doqquz manat yeddi qəpik) manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1161,07 (bir min yüz altmış bir manat yeddi qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 18-xx-xx-087144 saylı kredit müqaviləsi üzrə 1108,78 manat əsas borc, 20,29 manat faiz borcu olmaqla cəmi 1129,07 (bir min yüz iyirmi doqquz manat yeddi qəpik) manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu, ümumilikdə 1161,07 (bir min yüz altmış bir manat yeddi qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar