Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4148/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12000 manat, bank uçot faiz dərəcəsi kimi hesablanmış 888 manat, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat, cəmi 13519 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçının 2019-cu ilin iyul ayında oğluna ev almaq üçün Cavabdehlə tanışlığı olmuşdur. Cavabdehə məxsus Buzovna qəsəbəsində yerləşən evi ondan satın almağa razılaşmışlar. Lakin cavabdeh sənədlərin qaydasında olmadığını və bunun üçün ona bir qədər pul lazım olduğunu bildirdi. O da sənədləri qaydasına salmaq üçün ona borc pul vermək qərarına gəldi. Cavabdehlə aralarında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 10 000 manat məbləğində borc pul verir. Borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilə bağlandıqdan bir müddət sonra cavabdeh ondan əlavə olaraq 2000 manat məbləğində borc pul almış və bütün borc məbləğini birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıra qədər həmin borc məbləği ödənilməmişdir. Borc məbləği ona ödənilmədiyi üçün Qazax Hərbi Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi əsasında araşdırılma aparılmış və izahatlar alınmışdır. Cavabdeh verdiyi izahatında həqiqətən ona 12000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixədək ödənilməsi şərti ilə faizsiz olaraq 10000 manat məbləğində pul borc vermişdir. İş materiallarında olan Qazax Hərbi prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, Cavabdeh İddiaçı 10000 manat, daha sonra iki dəfə 1000 manat məbləğində borc almış, bununla da onun İddiaçı 12000 manat borcu yaranmışdır. Beləliklə, iş materialları ilə sübut olunur ki, Cavabdeh İddiaçı 12000 manat borc almışdır. Məhkəmə hesab edir ki, iddia 12000 manat borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda, 12000 manat məbləğində pulun bank uçot faiz dərəcəsi kimi hesablanmış 888 manat, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 600 manat tələb edir. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh 10000 manat məbləğində olan borcunu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdə qaytarmadığına görə 10000 manat məbləğində pulun 1 il ərzində gecikmə faizi, yəni 500 (10000x5 faiz:100=500) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, tələb digər hissədə sübut olunmadığına görə təmin edilməməlidir. Bundan əlavə, işə əlavə edilmiş qəbzdən müəyyən olunur ki, iddiaçı dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia 12500 manat hissədə təmin edildiyindən, 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10000 manat əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 500 manat gecikmə faizi, 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 12530 məbləğində pul İddiaçı xeyrinə Cavabdeh tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10000 (on min) manat əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 500 (beş yüz) manat gecikmə faizi, 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla, cəmi 12530 (on iki min beş yüz otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-4148/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4148/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver