Məhkəmə qərarları › İş №e-2(004)-415/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-415/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-415/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X5 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X5 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 13000 manat əsas borc, 660 manat faiz borcu olmaqla cəmi 13660 manat məbləğində pulun və 131 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X7 ilə aralarında xx.xx.2021-ci il tarixdə sadə yazılı formada bağlanmış borc müqaviləsinə əsasən, cavabdeh hissə-hissə qaytarmaq şərti ilə ondan 13400 manat borc almışdır. Razılaşmaya əsasən cavabdeh borcun qaytarılması ilə bağlı ödənişləri onun adına olan **********609013 nömrəli karta köçürməklə həyata keçirməli idi və razılaşdıqları vaxtda borc məbləği tam şəkildə qaytarılmasını təmin etməli idi. Lakin müqavilə bağlandığı tarixdən bu günə qədər sadəcə 400 manat pul ödənilmiş, daha sonra da hər dəfə bir bəhanə ilə borcun qaytarılmasını gecikdirmiş, sonunda da X7 ödəniş etməkdən boyun qaçırmışdır. Bununla bağlı Nərimanov rayonu Polis idarəsinə ərizə ilə müraciyət etmiş, 16-cı PB-də X7 izahatında borclu olduğunu etiraf etmiş, lakin qaytarmağa maddi imkanı olmadığını bildirmişdir. Xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyə olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 079-3155M-1222 saylı məktubla cavab verilmişdir. Ona görə də məsələnin həll edilməsi üçün məhkəmə müraciət etmək məcburiyyəti yaranmışdır. Göründüyü kimi, cavabdeh borc aldığı məbləği razılaşdırılmış vaxtda qaytarmasını təmin etməyib, özündə saxlamaqla, onu pul vəsaitindən məhrum etməklə, ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan borc verən X6 ilə borc alan X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən borc verən 13.400 manat nağd şəkildə pulu sonradan qaytarılması şərti ilə borc alana borc vermişdir. Borclu tərəf bu müqavilə ilə kreditordan aldığı 13.400 manat pulu qəbul etmiş və bu müqavilə ilə razılaşdırılmış şəkildə borcun ödəniləcəyini təmin ediləcəyini öhdəsinə götürmüşdür. Pulun qaytarılması qarşılıqlı razılaşma ilə bu şəkildə həyata keçiriləcəkdir- 2022-ci ilin yanvar ayının 25-də 500 manat, mart ayının 25-nə kimi 1000 və ya 1500 manat, aprel ayından başlayaraq yerdə qalan məbləğdən, hər ay üçün 200 manat olmaqla, aprel ayından başlayaraq hər ayın 10-na kimi ödəniləcəkdir. Ödənişlər 5271 6147 2160 9013 nömrəli və 12/22 tarixli karta köçürülməklə həyata keçiriləcəkdir. Nağd şəkildə ödəniş olarsa bu müqavilənin arxasına hər iki tərəfin imzası ilə təsdiqlənəcəkdir. X1 ərizəsinə dair görülmüş işlər barədə Nərimanov Rayon Polis idarəsinin 16-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Elvin Məmmədli tərəfindən tərtib olunmuş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X6 16-cı PB-nə ərizə ilə müraciət edərək TR vətəndaşı olan Ataoğlu Dənizin ona 14000 AZN pul borcunun olması və həmin borcun öz aralarında razılıq əsasında öhdəliyin Xasıyeva Gülnarəyə ötürüldüyünü bildirmiş və G.Xasıyeva bu günə kimi cəmi 200 AZN qaytardığını bildirmişdir. Ərizə əsasında Cavabdeh 16-cı PB-nə dəvət olunaraq izahatı alınmış və izahatında o, Vüsalə Muradxanlının ərizəsində göstərdiklərini təsdiq etmiş, hal-hazırda 13200 AZN borcu olduğunu və borcunu hissə hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan X4 izahatından görünür ki, o, X2 borclu olduğunu səmimi etiraf etmiş, borcundan 400 manat ödədiyini, qalan məbləği də hissə-hissə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, tərəflər arasında razılıq əldə olunduğuna görə, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 13.000 manat məbləğidə borc və 131 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Halbuki, tərəflər arasında bağlanmış borc müqaviləsində verilmiş borcun üstünə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin Cavabdeh X3 xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 13.000 (on üç min) manat borc və 131 (yüz otuz bir) manat dövlət rüsumu tutularaq, iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar