Məhkəmə qərarları › İş №e-2(004)-415/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-415/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-415/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit müqaviləsi üzrə 1.336,29 manat əsas borc, vəfat etdiyi tarixə 6,50 manat faiz borcu olmaqla, cəmi 1.342,79 manat, ödənilmiş 33,42 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 338053 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 7604 nömrəli məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri 53 saylı notariat notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh X5 xx.xx.2024-cü il tarixədək nağd kredit üzrə banka borcu 1336.29 manat əsas, 6.5 manat faiz borcu olmaqla, cəmi 1342.79 manat təşkil edir. Cavabdehin mərhum X2 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-31300/24 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirakı edən nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Bildirir ki, ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət etmişdir. X1 ondan başqa iki övladı daha var. Qardaşı vəfat etmişdir. Notariat ofisində bacısı onun vərəsə olmağına razı olmadığından vərəsəlik işi tamamlanmamış, ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Qeyd edti ki, onların söküntüyə düşən evi var, bacısıyla o həmin evdə yaşayır və həmin əmlakla bağlı aralarında mübahisə var. Ona görə də hazırda vərəsə olmadığından hesab edir ki, borc ondan tələb edilə bilməz. Həmçinin qeyd etdi ki, "xxxx" ASC anasına kredit verərkən, onun ailə üzvlərinə, yaxud ona hər hansı məlumat verməmiş, onun yaşına və maddi vəziyyətinə baxmadan, zamin duran şəxs olmadan ona kredit vermişdir. Onun anasının kredit borcundan xəbərim olmamış, yalnız məhkəmədə iddia tələbi qaldırıldıqdan sonra məlumatım olmamışdır. Anasının pensiyasından, həmçinin bankda qalan pul məbləğindən vərəsə olmağı təsdiq edilmədiyi üçün heç nə götürə bilmir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakşılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" - Azərbaycan Beynəlxalq Bankı ASC ilə “Borc alan” X7 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********1 saylı kredit müqaviləsinə əsasən, Borc verən Borc alana 60 ay müddətində (xx.xx.2024-cü il tarixinədək) 3.000 (üç min) manat məbləğində kreditdən istifadəyə görə illik 24 % ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, bank tərəfindən X6 BPM**********21 saylı kredit müqaviləsində razılaşdırılmış 2.970 manat məbləğində vəsait verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh X3 vərəsəsi Cavabdeh Şamil oğluna xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixli, 216TYLL192260501 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.336,29 əsas borc və 6,50 manat faiz borcu olmaqla, cəmi 1.342,79 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 33,42 manat dövlət rüsumu ödənilmişdir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən məhkəməyə daxil olmuş X5 vərəsəlik işində olan sənədlərin surətindən görünür ki: X10 22 fevral 2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 3 saylı Bakı “ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 338053 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi ürəyin kəskin işemik xəstəliyinin digər formaları göstərilmişdir. Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 480484 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 24 aprel 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı tərəfindən verilmiş,xx.xx.2023-cü il tarixli, 3-17-1/2-76806/2023 saylı məktubdan görünür ki, mərhum X3 (pensiya işi №601878 Yasamal) alınmamış pensiya məbləği 369,13 manat vəsait təşkil edir. Bakı şəhəri 53 saylı Notariat Ofisində Cavabdeh Şamil oğlunun ərizəsinə əsasən X3 adına vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqına şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən kredit alana 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.000 manat kredit verilmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Ş.Abdulhəlimova kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir, banka kredit borcu yaranmışdır. Abdulhəlimova Şəmsiyyə xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhumun oğlu, hazırki iş üzrə Cavabdeh anasından miras qalmış əmlakı qəbul etmək üçün Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 53 saylı Notariat Ofisində cavabdehin ərizəsinə əsasən X3 adına vərəsəlik işi açılmışdır. Lakin vərəsəlik hüququ haqqına şəhadətnamə verilməmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehin mərhumun hüquqi varisi olduğunu iddia edərək, kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh mirası qəbul etmək üçün notariat ofisinə müraciət etsə də, notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, borcun vərəsəyə keçməsi üçün vərəsə miras aktivi almalıdır, lakin cavabdeh miras aktivi almamışdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras aktivi miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının toplusudur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçıya izah edir ki, gələcəkdə miras qoyanın vərəsələri tərəfindən miras əmlak qəbul edildikdən sonra, “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar