Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-419/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5918,37 manat əsas borc, 4971,04 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 4381,73 manat cərimə borcu, 1270,18 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 16541,32 manat məbləğində pulun, 139,63 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113546/15 saylı müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 7500 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək, digər Cavabdeh1 ərizəsini müdafiə edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, kreditin icrası müddəti xx.xx.2018-cı il tarixdə bitmiş, yəni kreditin qaytarılmasının son günü xx.xx.2018-ci il tarixi olmuş, lakin həmin tarixədək kredit qaytarılmamış və iddiaçı hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda həmin tarixdən üç il müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 4 il ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 139,63 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova