Məhkəmə qərarları › İş №e-2(004)-4190/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4190/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4190/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçılar İddiaçı1 Məhəməmədəli oğlu və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 Məhəməmədəli oğlu və İddiaçı2 Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Məhəməmədəli oğlu və İddiaçı2 Cavabdeh1 qarşı "pul” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 4100 manat pul vəsaiti tutularaq İddiaçı1 Məhəməmədəli oğluna və 5800 manat pul tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılardan borc aldıqları 9.900 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaitini qaytarmırlar. Qeyd olunan məbləğin 5.800 (beş min səkkiz yüz) manatınıİddiaçı2, 4.100 (dörd min bir yüz) manatını isə İddiaçı1 almışdırlar. Borc alanda Cavabdeh1 6 ay müddətinə, yəni bir sezonu başa çatdırdıqdan sonra qaytaracağına söz vermişdir. Borcu tələb etdikdə isə hər dəfə bir bəhanə ilə üzərilərinə götürdükləri öhdəliyin yerinə yetirilməsindən qərəzli şəkildə yayınmışlar. Hətta iş üzrə 2-ci cavabdeh olan Т.Н.Əliyarov dəfələrlə söz vermişdir ki, əgər mülki iş üzrə cavabdeh olan atası Cavabdeh1 borcu ödəmədiyi təqdirdə bizə olan borcun hamısını özü şəxsən ödüyəcəkdir. Bir dəfə də borcun 1.500 manatı Tural tərəfindən ödənilmişdir. Bu halı özləri də təsdiq edirlər. Cavabdehlərlə aralarında olan razılaşmalara (müqavilələrə) əsasən Borclular bu müqavilələrlə Borc verənlərə 11.400 (on bir min dörd yüz) manat məbləğində pul borclarınun olduğunu bəyan 1 və tam etiraf edirlər və həmin məbləği bu Müqavilələrdə müəyyən edilmiş 06 ay müddətində və razılaşdırılmış şərtlərlə Borc verənlərə tam həcimdə qaytarmağı öhdələrinə götürürlər, tərəflər bununla bildirirlər və təsdiq edirlər ki, etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq. Cavabdehlərin hal-hazırda da fəaliyyət göstərən bir ailə biznesi vardır. Ailə biznesinin inkişafı üçün lazım olan avadanlığın əsas hissəsi bizdən aldıqları borcla alınmışdır. Cavabdeh1 deyirdi ki, ailə biznesi yaxşı təşkil olunduğu üçün hər ilin axırına 25.000 manat təmiz gəliri olacaq. Cavabdehlər 2020-ci ildə borc verən İddiaçı1 aldıqları, 5.600 (beş min altı yüz) manat məbləğində pul borcunu 2021-ci ilin mart ayına qədər Borc verənə qaytarmağı öhdələrinə götürmüşdürlər. Borclu borc məbləğini vaxtından əvvəl qaytarmaq hüququna malikdir. Borc manatla və nəğd şəkildə Borc verənə qaytarılmalıdır. Borcun digər qaydada qaytarılmasına yalnız Borc verənin razılığı ilə yol verilə bilər. Yuxarıda qeyd olunduğu kimi borclular 1.500 manat borcu qaytardıqlarına görə 4.100 manat İddiaçı1 borcları qalmışdır. 1.500 manat ödənildikdən sonra Cavabdeh2 şəxsən söz verdi ki, qalan borcu da tezliklə ödəyəcək. Lakin yenə üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmədilər. Cavabdehlər 2021-ci ilin sentyabr ayında isə mülki iş üzrə İddiaçı2 5.800 (beş min səkkiz yüz) manat alaraq qaytarmaqdan qərəzli şəkildə yayınmışlar. Razılaşmaya əsasən 2022ci ilin mart ayına kimi 5.800 manat borcun qaytarılması barədə öhdəçilik götürmüşlər. Borclular zəmanət vermişdirlər ki, borc məbləğinə görə özlərinə məxsus bütün daşmar və daşınmaz əmlakları ilə tam məsuliyyət daşıyırlar. Bu barədə dəfələrlə aramızda danışıqlar olmuşdur. Bu hal məhkəmə araşdırması zamanı tərəfimizdən təqdim olunacaq şahidlər və sübutlarla də təsdiq olunacaqdır. Onu da qeyd etmək istəyir ki, bildiyi kimi razılaşma ilə həll edilməyən bütün digər məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həll edilir. Dəfələrlə borclulara 9.900 manatın qaytarması ilə bağlı şifahi qaydada müraciət edilməsinə baxmayaraq Cavabdeh1 və Т.Н.Əliyarov bundan qərəzli olaraq boyun qaçırmışdırlar. Məhz bu səbəbdən iddiaçılar cavabdehlərin qanunsuz, qanuna zidd hərəkətləri barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdi. Polis İdarəsində onlardan və cavabdehlərdən izahat alınmış, cavabdehlər izahatlarında yenə də borclu olduqlarını etiraf etmişlər və tezliklə həmin pulu qaytaracaqlarını bildirmişlər. Bundan başqa cavabdehlər 2 (iki) ildən çox müddətə qanunsuz olaraq özlərində saxladıqları pulu qaytarmadıqları üçün Polis Şöbəsinə şikayət ərizəyə cavab olaraq bildirilmişdir ki, etdiyi müraciətə baxılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, müraciət mülki xarakterlidir. Mülki işlərə baxmaq səlahiyyəti isə məhkəmə orqanlarına aiddir. Ona görə də şikayət olduğu halda məhkəmə orqanlarına müraciət etməyk məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Məhəməmədəli oğlu və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmədən kənar həlli üçün cavabdehə zəng olunmuşdur, borcu qaytarmaq üçün kifayət qədər vaxtı olub, lakin tələb olunan pulu iddiaçılara qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Əliyarov qərarda göstərilən kimi izahat verməmişdir. Cavabdehin polisə verdiyi izahatla qərarda göstərilən izahat fərqlidir. Həmçinin cavabdeh özü də iddiaçılardan pulu əkinə qoymaq üçün götürdüyünü etiraf edir, lakin iş alınmadığı üçün iddiaçılara pulu qaytara bilməmişdir, cavabdehin özünə də ziyan dəymişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞnin təhqiqatçısı David Yusifovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı1 Məhəməmədəli oğlunun müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, əkin əkmək üçün İddiaçı1 Məhəməmədəli oğlundan 5600 manat pul almış, lakin işləri alınmadığı üçün 1500 manat pulu geri qaytarmış, tezliklə qalan 4100 manat pulu qaytaracaq. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı David Yusifovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı2 müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, əkin əkmək üçün İddiaçı2 5800 manat pul almış, lakin torpqa sahəsində işıq və su problemi yarandığı üçün irəli alınmamış və tezliklə həmin pulu qaytaracaq. Göründüyü kimi, iddiaçılar müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikaası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı David Yusifovun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Cavabdeh1 İddiaçı1 Məhəməmədəli oğluna 4100 manat və İddiaçı2 isə 5800 manat borcu olduğunu etiraf etdiyindən iddia tələbi əsaslı və qanuni olmaqla təmin edilməli, Cavabdeh1 4100 (dörd min yüz) manat məbləğində pul tutularaq İddiaçı1 Məhəməmədəli oğluna və cavabdehdən 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 4100 (dörd min yüz) manat məbləğində pul tutularaq İddiaçı1 Məhəməmədəli oğluna ödənilsin. Cavabdeh1 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar