Məhkəmə qərarları › İş №e-2(004)-4208/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4208/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4208/2025 03.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli bank hesabı müqaviləsi və kredit sazişinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə ilkin 32% ilə 4500 ABŞ DOLLARİ məbləğdə kredit limiti ayırır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalanın istehlak məqsədilə verilir.

3. Müqavilənin 3.5-ci bəndinə əsasən borcalan bu Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda,gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir.

4. Kassa məxaric orderindən görünür ki, kredit məbləğinə uyğun pul vəsaiti Cavabdeh1 tərəfindən təhvil alınmışdır.

5. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.

6. İddiaçı və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 163/6 nömrəli “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4474 ABŞ dolları məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür.

7. İddiaçı və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 130011188ZM nömrəli “Zaminlik müqaviləsi”nə əsasən ləğv prosesində olan bankla “Borclu” arasında bağlanmış xx.xx.2015-ci il tarixli 163/6 nömrəli restrukturizasiya müqaviləsinə əsasən restrukturizasiya olunmuş 4474 ABŞ DOLLARİ borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öddəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.

8. Maliyə arayışından görünür ki, müqavilə üzrə 1469,60 ABŞ dolları əsas borc, 560,46 ABŞ dolları müqavilə müddəti üçün faiz, 1422, 72 ABŞ dolları borcun gecikdirildiyinə görə hesablanmış cərimə, 207,40 ABŞ dolları borcun gecikdirildiyinə görə hesablanmış faiz borcu olmaqla cəmi 3660,18 ABŞ dolları borc mövcuddur.

9. İddiaçı tərəfindən ayrı-ayrılıqda cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 1469,60 ABŞ DOLLARİ əsas, 560,46 ABŞ DOLLARİ faiz, 1422,72 ABŞ DOLLARİ cərimə və gecikdirilmiş vaxt üçün 207,40 ABŞ DOLLARİ faiz məbləği olmaqla, 3660,18 ABŞ dolları borcu yarandığından kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1469,60 ABŞ dolları əsas, 560,46 ABŞ dolları faiz, 1422,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 207,40 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 82,23 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddianın əsaslarına görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015- ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən Cavabdeh2ilə Bank arasında 130011188/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Kredit müqaviləsinə 06 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana 4.500 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 4.474 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 25 fevral 2016-cı il tarixdə 160 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3.943,25 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5235,42 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.

b) iddiaya etiraz

12. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

13. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehlər müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

19. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

20. Borcun əsası olan kredit müqaviləsi, müqaviləyə əlavə olan saziş, ödəniş qrafiki və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit alana 18 ay müddətinə ilk 32% ilə 4500 ABŞ DOLLARİ məbləğdə kredit vermişdir.

21. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, iddiaçı isə qalıq əsas borc 1469,60 ABŞ dolları, 560,46 ABŞ dolları faiz, 1422,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 207,40 ABŞ dolları faiz borcu tələb etmişdir.

22. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə əsas, faiz və gecikdirilmiş vaxt üçün faiz borcuna münasibətdə tam, cərimə borcuna münasibətdə isə qismən təmin edilməlidir.

23. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

24. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

25. İddiaçı tərəfindən müqavilə üzrə 1422,72 ABŞ dolları cərimə borcu hesablanmışdır.

26. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

27. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

28. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə müqavilə üzrə hesablanmış 1422,72 ABŞ dolları dəbbə pulunun məbləğinin azaldılaraq 200 ABŞ dolları məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

29. İddia eyni zamanda zamin qismində Cavabdeh2 yönəldiyindən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından, zaminin məsuliyyəti aradan qaldıran hər hansı hal aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia zaminə münasibətdə də eyni həcmdə təmin edilməlidir.

30. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 82,23 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 61,44 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1469,60 ABŞ dolları əsas, 560,46 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə və 207,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 2437,46 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla və 61,44 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 1469,60 ABŞ dolları əsas, 560,46 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə və 207,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 2437,46 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla və 61,44 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar