Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4212/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tanışı X1 xahişi ilə onun adına etibarnamə vermişdir. Lakin, həmin etibarnamə əsasında hansı işlərin görülməsi barədə aralarınnda razılaşma olmamış və fəaliyyəti barədə iddiaçının heç bir məlumatı olmamışdır. X3 iddiaçının adından hüquqi şəxs yaratmadan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN ********** almışdır. İddiaçının isə heç bir sahibkarlıq və digər fəaliyyəti olmamışdır. Bir neçə müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, verdiyi etibarnamədən istifadə edərək iddiaçının adından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti bir necə şəxsə verilmişdir. Hal-hazırda iddiaçı həmin etibarnaməni ləğv etmişdir. İcra məmuru tərəfindən iddiaçıya verilmiş məlumata əsasən məlum olmuşdur ki, barəsində Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçının adına BƏƏ-dən yük avtomaşında daxil olmuş və gömrük bəyannaməsi ilə bəyan edilməyən mallar aşkar edilmişdir. İddiaçı həmin gömrük bəyannaməsini təqdim etməmiş və həmin mallar barəsində heç bir məlumatı olmamışdır. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” Qərarına əsasən iddiaçı barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü, yəni 16200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin cərimənin ödənilməsi ilə bağlı icra sənədləri iddiaçınin iş yerinə göndərilmişdir və iddiaçının əmək haqqından 1874,86 manat (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat cavabdeh Bakı Baş Gömrük İdarəsinin xeyrinə tutulmuşdur. Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” Qərarın əsassız və qanunsuz olduğu üçün, iddiaçı “qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 1693/2023 saylı 21 sentyabr 2023-cü il tarixli Qərarına əsasən AR Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmişdir. Hal-hazırda Səbail Rayon Məhkəməsinin qərarı qanuni qüvvəsinə minmişdir. Lakin, iddiaçının əmək haqqından tutulmuş 1874,86 (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat məbləğində pul iddiaçıya geri qaytarılmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)-1693/2023 nömrəli qərarına əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin 00100/0788 nömrəli, 19 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-2221/2023 nömrəli qərarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin 00100/0788 nömrəli, 19 aprel 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı iş yerinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı əmək haqqından tutulmalar dayandırılmışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq tərtib edilmiş məktuba əsasən müəyyən edilir ki, İddiaçı barəsində Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarının icrası ilə əlaqədar olaraq Bakı Baş Gömrük İdarəsinin hesabına 1874,86 manat (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat pul tutulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” Qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü, yəni 16200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin cərimənin ödənilməsi ilə bağlı icra sənədləri iddiaçınin iş yerinə göndərilmişdir və İddiaçı barəsində Bakı Baş Gömrük İdarəsinin 00100/0788 saylı 19 aprel 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarının icrası ilə əlaqədar olaraq Bakı Baş Gömrük İdarəsinin hesabına 1874,86 manat (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat pul tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)-1693/2023 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin 00100/0788 nömrəli, 19 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-2221/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara əsasən Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin 00100/0788 nömrəli, 19 aprel 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı iş yerinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı əmək haqqından tutulmalar dayandırılmışdır. İddiaçının əmək haqqından əsassız tutulmuş 1874,86 manat (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) məbləğində pul iddiaçıya geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı pul vəsaitindən məhrum olmuşdur. 3-cü dispozitiv şərt də ödənilir- tutulan pul vəsaitinin tutulmasına əsas olan hal (müvafiq qərar) ləğv edilmişdir, yəni, əsassız varlanma aradan qalxmış hüquqi əsasa söykənir. Yəni, pul tutularkən hüquqi əsas olsa da, tutulmaya əsas olan müvafiq inzibati qərar məhkəmə qərarı əsasında qanunsuz hesab edilməklə ləğv edildiyindən hüquqi əsas sonradan aradan qalxmışdır. Məhkəmə məsələyə MM-in 54.2-ci maddəsinin kontekstindən yanaşaraq hesab edir ki, pul vəsaiti Bakı Baş Gömrük İdarəsinin hesabına köçürülsə də, həmin qurum hüquqi baxımdan Dövlət Gömrük Komitəsinin idarəsidir, mülki hüquq münasibətlərinin müstəqil subyekti deyil, məhz komitənin adından idarə qismində münasibətlərin iştirakçısıdır (təmsilçi). Odur ki, hazırki mülki iş üzrə cavabdehin Dövlət Gömrük Komitəsinin özü olması qanuni və əsaslıdır. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfə məhkəmə sorğusu da verilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbi barədə hər hansı etiraz, mülahizə məhkəməyə bildirməmiş, üzərinə düşən sübutetmə funskiyasını təşkil etməmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Məhkəmə nəzərə alır ki, hazırki iddia tələbi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinin tələblərinə əsasən rüsumdan azaddır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 1874,86 (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 1874,86 (min səkkiz yüz yetmiş dörd manat səksən altı qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4212/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4212/2024
25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver